İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, 5 namizəd arasından ən uyğun olan Cəmil Quliyev yenidən seçildi: “Onun üzərinə çox böyük vəzifələr düşür. İctimai Yayım Şurasının təklifləri və ümumilikdə ictimaiyyətin maraqları əsasında yeni yayım siyasətinin müəyyənləşdirilməsi qarşıda duran vəzifələrdir. İndiki sərt rəqabət şəraitində İctimai Televiziya və Radio Yayımlarının daha üstün bir səviyyəyə daşınmasına ehtiyac var”.
“Artıq dünyada bütün kütləvi informasiya vasitələri sərhədsiz fəaliyyət göstərirlər. Ona görə də İctimai Televiziya və Radio Yayımlarının bu rəqabətdə duruş gətirməsi və daha önə keçməsi getdikcə çətinləşir. Bu baxımdan biz də öz təklif və tövsiyələrimizi səsləndirdik. Əlbəttə, Yayım Şurası özü də fəaliyyəti dövründə konkret təkliflərlə çıxış edəcək” – deyə o bildirib.