Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 26 aprel — Sputnik. Əslən Ağdam rayonunun Qiyaslı kəndindən olan 54 yaşlı Mirsiyab Abdullayevin uşaqlıqdan incəsənətə marağı olub. Hələ balaca olanda plastilindən müxtəlif fiqurlar düzəldib. İncəsənətə olan həvəsi onu Ağdam musiqi məktəbinə aparıb çıxarıb. Musiqi məktəbini qarmon ixtisası üzrə bitirsə də, o vaxt incəsənətlə məşğul olmaq ona qismət olmayıb.
90-cı illərin əvvəllərində könüllü olaraq Qarabağda gedən döyüşlərə yollanıb. Atəşkəsə dair müqavilə imzalanana qədər cəbhənin müxtəlif istiqamətlərində xidmət edib. 1996-cı ilə ordudan tərxis olunan zaman, doğma kəndi işğalda idi artıq. Bu səbəbdən M. Abdullayev Bərdədə çadır şəhərciyində məskunlaşıb.
Cənnətin bir guşəsi sayılan Qarabağdan köçüb çadırda yaşamaq ona çox ağır gəlir. "O vaxtlar bir arzum var idi — mənim də özümün evim, həyət-bacam olsun" — deyir.
Onun bu arzusu 2006-cı ildə, Tərtərin "Dörd yol" adlanan ərazisində məcburi köçkünlər üçün salınan qəsəbəyə köçəndə reallaşır. Özünün dili ilə desək, həyətini əlləri ilə kiçik cənnətə çevirir: "Darıxırsan vətən üçün, deyirsən, "kaş mən də Şuşaya, Laçına gedə biləydim". O ərikli bağlar üçün burnunun ucu göynəyir. Bu ağrıyla yaşayırsan. Bəlkə də həyətimi bəzəməyim o hissdən qaynaqlanır".
Mirsiyab Abdullayev uşaqlıq arzularını burada həyata keçirməyə başlayır. Çay daşlarından, ağaclardan, sement-beton qarışığından istifadə etməklə müxtəlif heyvanların, quşların fiqurlarını, heykəllərini düzəldir. Toylarda aparıcılıq edən Mirsiyab Abdullayev qazancının yarıdan çoxunu bu işə xərcləyir.
Heykəltəraşlıq təcrübəsi, təhsili olmayan Abdullayev, həyətində quraşdırdığı fəvvarəni cəmi 10 günə hazır edib. Bu isə onun ən uzun vaxt sərf etdiyi işdir.
"At heykəlini 5 günə hazır etmişəm. İlk işim də keçi heykəli olub, mənə deyiblər, bu ölçüyə uyğun deyil. Mən də cavab verirdim ki, ilk əl işimdir, necə var elə qalsın. Növbəti işlərimdə özüm ölçüləri düzəltmişəm" – deyir.
Həmsöhbətimiz həyətində müxtəlif çöl quşları da bəsləyir. Bura artıq qonşuların boş vaxtlarında istirahət etdiyi parka çevrilib. Mirsiyab Abdullayev deyir ki, hətta məktəblilər də vaxtaşırı buraya ekskursiyaya gəlirlər.
"Mən kababxana, samovar da hazırlamışam qonaqlar üçün. Ümumiyyətlə, fikirlərim hələ çoxdur. Amma bir az vaxt problemim var. Bəzən sifariş verirlər, amma düzəldib çatdırmıram" – deyir müsahibimiz.
Gələcək planları haqqında danışan Mirsiyab Abdullayev, həyətində Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaltmaq istəyir. "Yəqin ki, ən çox vaxtı və diqqət sərf edəcəyim də elə bu iş olacaq" — deyir.