İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 25 aprel — Sputnik. İkinci Dünya Müharibəsi bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı.
Azərbaycan xalqı da həm ön, həm də arxa cəbhədə faşist Almaniyasına qarşı mübarizədə böyük qəhrəmanlıq göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı bu müharibədə iştirak edib.
Müharibəyə getmək üçün…
İkinci Dünya Müharibəsindən 70 ildən çox vaxt keçsə də, iştirakçılarından bu gün də aramızda olanlar var. Onlardan biri də Nazim Ramazanovdur. Onunla öz evində görüşdük. Zəngin kitabxanasında Sovet dövrünə aid 2000-dən çox kitab olan müsahibim, otağına dünyasını dəyişmiş valideynlərinin, həyat yoldaşının və oğlunun şəkillərini asmışdı. Otağa daxil olanda, sanki 50-60 il əvvələ qayıdırdın.
Nazim Ramazanov 1923-cü il iyun ayının 1-də Bakıda dünyaya gəlib. "1931-ci ildə indiki "İçərişəhər" metrosu ilə üzbəüz orta məktəb açıldı. 7-ci sinifədək orada Azərbaycan sektorunda oxumuşam. 7-ci sinifdən sonra qardaşım məni o məktəbdən çıxardı. Yay tətili olduğu üçün mənə rus dili müəllimi tutdu. Mən bütün tətili rus dilini öyrəndim. Sonra qardaşım məni axşam məktəbinə yazdırdı. Bu dəfə rus bölməsində oxuyacaqdım. Mən yenidən 7-ci sinifi rus bölməsində oxudum. Sonralar müharibə başladı və mən də müharibəyə getdim" – deyir müsahibim.
N. Ramazanov müharibəyə könüllü şəkildə gedib: "Hərbi komissarlığa müraciət etdim. Mənə çağırış vərəqi gəlmədiyi üçün dedilər ki, "get, gözlə". Amma mən gözləyə bilməzdim. Bütün yaşıdlarım müharibədə idi. Komissarlıqda bir erməni qadın var idi. Dedi sabah gəl, mən səni göndərəcəyəm. O qadın məni "Ağayev" soyadlı birinin yerinə göndərdi. Başa saldı ki, birinci çağırışda "Ağayev" deyildiyi zaman mən cavab verim, sərhədi keçdikdən sonra isə səsimi çıxarmayım. Mən də onun dediyi kimi etdim".
"Hərbi xidmətə gedənlər arasında mənim adım və sənədlərim yox idi. Məhəmmədqala şəhərində (Dərbənd – red.) bizi yenidən saydılar. Bu dəfə "Ağayev" deyə çağıranda səs vermədim. Əsgərləri sayırdılar, say düz idi. Amma Ağayev yox idi. Sonra kapitan bir-bir adları çağırdı, hamı getdi, mən isə yerimdə dayandım. Dedi "Ağayev, sən niyə gəlmirsən?", dedim "mən Ağayev deyiləm". Kapitan mənim ad-soyadımı qeyd etdi, Ramazanov kimi düşdüm ordu sıralarına" – danışır Nazim baba.
"Hələ də qəlpə ayağımdadır"
N. Ramazanov döyüş yolunu belə anladır: "Bizi Dağıstanın Buynaksk şəhərinə gətirdilər, hərbi geyim verdilər. Almanlar Terek çayına gəlib çıxmışdılar. Nəsə əmr gəldi. Rus dilini bildiyim üçün zabitlərdən biri məni özünə köməkçi götürdü. Elə bilirdilər ki, mən iranlıyam. Azərbaycanlı olduğumu dedim. Həmin vaxt rus zabitləri Azərbaycanı yaxşı tanımırdılar".
"Hər gün səhər 4-5 arası biz yerdəyişmə edirdik. Artıq geri çəkilmə yox idi. Sonra Krasnodar, Anapa, Novorossiysk döyüşlərində qələbə çalaraq irəlilədik. Döyüşlərdə bir neçə dəfə yaralandım. Amma ordu sıralarından çıxmırdım. Bir dəfə Krasnodarda yaralandım, sonra ayağımdan və qolumdan təkrar yaralandım. Mənə həkimlər deyirdilər ki, "sən köynəkdə doğulmusan". 3 dəfə yaralandım, amma 4-cü dəfə yaralananda məni ordu sıralarından çıxardılar" – Ramazanov qeyd edir.
O, Nalçikdə hospitalda uzun müddət müalicə alır və ona deyirlər ki, artıq ordu sıralarına uyğun deyil: "Nalçikdən məni Bakıya hospitala yazdılar. Hələ də qəlpə qalıb ayağımda. Həkimlər deyirlər ki, "çıxarsaq, ayağın düz qalar, qatlanmaz". Aradan 70 il keçib, ayağım indi başlayıb ağrımağa".
"Cəbhədə sevgi olmur"
Həmsöhbətimizin dediyinə görə, hərbi xidmətdə olanda hər gün yatmamışdan əvvəl rus mahnıları oxuyardılar: "Hər axşam "Katyuşa" mahnısı oxunulmasa, yatmağa icazə verilmirdi. Bir dəfə bizə döyüşdən öncə araq verdilər ki, içək. Amma mən atama söz vermişdim ki, siqaret və içkidən uzaq olacağam, içmədim".
Veteran müharibə illərindən danışanda maraqlı bir məqama da toxunur. Deyir ki, "cəbhədə sevgi olmur". Hamı öz canını düşündüyü üçün sevgi yada da düşmür: "Yadıma gəlir, 10-15 nəfərlik qruplarda gedib kəndlərdə qalırdıq. "Starşina" idim, o zamanlar bizə "mat soldata" (əsgərlərin anası), komandirlərə isə "otets soldata" (əsgərlərin atası) deyirdilər. Əsgərlərə nəzarət məndə idi. Amma yadıma gəlmir ki, hansısa əsgər kiminləsə görüşsün, sevgi yaşasın. Mənim qarşıma belə bir hadisə çıxmadı".
Nazim Ramazanovun onlarla orden və medalları var. Onlar arasında ən çox sevdiyi isə, 1964-cü ildə Xruşşov tərəfindən əmək fəaliyyətinə görə verilən medaldır: "Bu medalı Xruşşov mənə verəndə üstündə 200 qram buğda da vermişdi".
"Allah əvvəlcə verir, sonra bir-bir geri alır"
N. Ramazanov hərbi xidmətdən sonrakı həyatını da nağıl edir: "Mən ordudan 85 kilo çəki ilə qayıtmışdım. Anam və bacılarım isə şam kimi ərimişdilər. Cəmi 400 qram çörək alırdılar gün ərzində. Başladım işləməyə, çox iş yerləri dəyişdim. Amma qarşımda bir məqsədim var idi. Atama söz vermişdim ki, hər zaman hər yerdə birinci olacağam".
O, başına gələnləri danışdıqca, ara-sıra gözlərindən süzülən yaşı silir və söhbətinə davam edir. Bizə göstərdiyi fotolardan göründüyü kimi, cavanlıqda çox yaraşıqlı kişi olub. İndi o illərdən qalan şəkillərinə baxanda köks ötürür və deyir ki, "Həyat belədir, Allah əvvəlcə verir, sonra bir-bir geri alır".
33 yaşında ailə həyatı qurur. Bu nikahdan bir oğlu və iki qızı dünyaya gəlir. Deyir ki, ailə həyatını vasitəçilərin köməyi ilə qurub: "Qızanana adlı bir qadın var idi. Hər zaman ailə həyatı qurmaq istəyənlər ona müraciət edərdilər. Mənim də anam ona deyib ki, "Nazim evlənmək istəyir". Bir qız tapdılar, toyumuz, nişanımız, hamısı bir ayın içində oldu".
"Müharibədə generallar da qorxurlar"
Oğlu 1963-cü ildə dünyaya gəlir. Nazim kişi, atasının adını yaşatmaq üçün oğluna onun adını verir — Tağı. Amma oğlu 1992-ci ildə dünyasını dəyişir. Oğlu ilə bağlı danışanda müsahibimizin gözləri dolur. Hiss olunur ki, həyatının ən yaralı yeri oğlu ilə bağlı olan xatirələridir.
"Hərbi xidmətdə olanda onu döymüşdülər. Deməmişdi mənə. Qayıdandan sonra başında xərçəng xəstəliyi yarandı. İki oğlu var idi. Amma çox tez itirdim onu. Mənə deməmişdi döyüldüyünü…" – gözüyaşlı ata danışır.
İndi Nazim Ramazanov qızları və nəvəsi ilə birlikdə yaşayır. Ara-sıra tədbirlərə dəvət alır, gənclərlə görüşür, keçdiyi şərəfli döyüş yolundan danışır: "Bir gün məndən soruşdular ki, "müharibədə, döyüşlərdə heç qorxduğunuz anlar olubmu?" Qaldım belə, necə cavab verim… Dedim, müharibədə generallar da qorxurlar".
"Gərək qorxularına qalib gəlməyi bacarasan. Çünki sən vurmasan, səni vuracaqlar. Sən öldürməsən, səni öldürəcəklər. Müharibə — yaşamaq uğrunda mübarizədir həm də…" – deyir həmsöhbətimiz.