BAKI, 25 aprel — Sputnik. "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi parlamentə daxil olub və ötən həftə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında bu qanun layihəsi müzakirə edilib. Qərara alınıb ki, parlamentin digər komitələrində də bu qanun layihəsinə baxılsın.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, qanun layihəsi prinsip etibarı ilə yaxşı hazırlanıb: "Layihədə deputatın etik davranış qaydaları ilə bağlı çox vacib, mühüm məqamlar öz əksini tapıb. Amma burada müəyyən düzəlişlərə ehtiyac var. Elə müzakirələr də bu məqsədlə aparılır ki, plenar iclasa tam təkmil variantda daxil olsun".
E. Nəsirov bildirib ki, komitələrin birgə iclasında müzakirələr qızğın olub: "Həmkarlarımız çoxsaylı təkliflər, fikirlər səsləndiriblər. Deputat vəzifəsi çox şərəfli, eyni zamanda, məsuliyyətli vəzifədir. Əsas fikir ondan ibarət olub ki, qanun layihəsində ilk növbədə şərəf və məsuliyyət arasında balans tapmaq lazımdır. Yalnız deputatın şərəfi, statusu ilə bağlı məsələlər qaldırılanda, məsuliyyətin enməsi, azalması baş verirsə, bu, artıq qəbuledilməzdir. Eyni zamanda, deputatın yalnız məsuliyyətini qaldırıb, amma onun şərəf və ləyaqəti ilə bağlı məsələlər arxa planda qalırsa, bu, yenə də balansın pozulması deməkdir. Bunların arasında balansın tapılması ən vacib məsələlərdən biridir".
"Layihənin müvafiq bəndində göstərilir ki, deputat yalnız mövzu üzrə danışmalıdır və mövzudan kənar danışmalar artıq deputatın etik davranış qaydasının pozulması anlamına gəlir. Bu, xüsusilə həmkarlarımızın diqqətdə saxladığı məsələ olub. Bu məsələlər ətrafında çox ciddi müzakirələr aparılıb. Birgə iclasda deyilib ki, bütün ölkələrin parlamentlərində qayda var ki, deputatlar istənilən, onları narahat edən məsələlər ilə bağlı fikir söyləyə, mövqelərini əsaslandıra bilərlər. O baxımdan deputatı çıxışı zamanı konkret çərçivəyə salmaq düzgün deyil" — millət vəkili qeyd edib.
Nəsirovun sözlərinə görə, ən çox müzakirə edilən məsələ — deputatın mandatının əlindən alınması proseduru ilə bağlı olub: "İclasda bu məsələ ilə bağlı mövqelər haçalanıb. Qeyd edilib ki, bununla bağlı qanun layihəsində müəyyən düzəlişlərə ehtiyac var. Deputatın, təxminən 38-40 min seçicisi olur. Yəni, onu xalq seçir. Xalq seçdiyi təqdirdə yalnız İntizam Komissiyası çərçivəsində ona baxıb və Komissiyanın rəyi əsasında deputatın mandatının əlindən alınması düzgün olmazdı. Yəni, seçicinin də mövqeyi nəzərə alınmalıdır".
"Çox sadə üsulla deputatın mandatının alınması məsələsi müzakirələrdə birmənalı qarşılanmayıb və buna yenidən baxılması ilə bağlı təkliflər səslənib. Xüsusilə də deputat seçildikdən sonra onun mandatını Konstitusiya Məhkəməsi təsdiqləyir. Seçkinin nəticələrini Konstitusiya Məhkəməsi tanıyır və ya tanımır. Belə olan vəziyyətdə deputatın mandatının əlindən alınması prosesində də Konstitusiya Məhkəməsinin iştirakı məsələsi gündəmə gəlib" — deputat vurğulayıb.
E. Nəsirovun dediyinə görə, iclasda xüsusilə də qeyd edilib ki, Konstitusiyanın 91-ci maddəsinə əsasən, deputat öz çıxışlarında sərbəstdir: "Yəni, istənilən fikri söyləyə bilər. Elə etmək lazımdır ki, Konstitusiyanın 91-ci maddəsi ilə bu qanun layihəsində əksini tapmış məhdudiyyətlər arasında uyğunsuzluq olmasın. Uyğunsuzluğun aradan qaldırılması ən çox gündəmdə saxlanılan məsələlərdən biri olub. Bütövlükdə qanun layihəsi hazırdır, amma müəyyən düzəlişlərə ehtiyac var. Komitələrin birgə iclasında bu məsələnin digər komitələrdə də baxılması ilə bağlı qərar qəbul edilib. Yalnız bundan sonra plenar iclasa çıxarıla bilər".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, Konstitusiyadan irəli gələn bir layihədir və komitə tərəfindən işlənilib: "İlk olaraq ötən həftə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında buna baxılıb və burada bir xeyli dəyişikliklər olacaq. Ona görə də bu, tam işlənilib qurtarmayıb".
"Amma bunun üzərində iş gedir və yaxın zamanda bu məsələ həllini tapacaq. Biz Konstitusiyadan irəli gələn məsələləri nəzərə alaraq bütün bu istiqamətlərdə kifayət qədər lazım olanları aydınlaşdırıb qanun şəklində parlamentdə təqdim edəcəyik" — Rzayev vurğulayıb.
Qeyd edək ki, bu qanun deputatın etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanun layihəsi 13 maddədən ibarətdir.