BAKI, 25 aprel — Sputnik. Əmək Məcəlləsində dəyişikliklər bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliklər Əmək Məcəlləsini, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.
Dəyişikliyə əsasən, 65-ci maddə üzrə aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilir: "5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir".
Aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə olunur: "Qeyd: Bu Məcəllənin 65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində "idarə, müəssisə və ya təşkilat" dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir".
187-ci maddəyə 4-cü hissə əlavə edilir: "4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır".
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.