BAKI, 25 aprel — Sputnik. Ötən həftə məşhur türk müğənnisi və bəstəkarı İbrahim Erkalın beyinə qansızma ilə xəstəxanaya yerləşdirildiyi xəbərini vermişdik. Həkimlər hələ ilk gündən ağır vəziyyətdə reanimasiya şöbəsinə çatdırılan müğənninin vəziyyətinin ürəkaçan olmadığını söyləmişdilər.
Xəstəxana rəhbərliyi İbrahim Erkalın əməliyyat sonrası sağalma şansının 1% olduğunu bildirsə də, müğənnin ailəsi əməliyyata razı olmuşdu. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, əməliyyatdan bir həftə keçsə də, İbrahim Erkalın səhhətində heç bir dəyişiklik baş verməyib.
Bu gün isə həkimlər müğənnini sevənləri məyus edəcək yeni açıqlama veriblər. Onlar, İbrahim Erkalın ürəyinin çalışdığını, ancaq 99% beyin ölümü keçirdiyini bildiriblər. Hazırda müğənni süni qəfəs borusu ilə həyat uğrunda mübarizə aparır.