CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fiziki qüsurlu uşaqlarımız əcnəbilərin niyə diqqətini çəkir?

© Photo : PUBLIC DOMAINƏlil arabasında uşaq, arxiv şəkli
Əlil arabasında uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Seymur Məmmədov: "Belə qüsuru olan uşaqların siyahısı bizə təqdim olunur və biz onları əcnəbi vətəndaşlara təklif edirik"

BAKI, 25 aprel — Sputnik. Azərbaycanda valideyn qayğısından məhrum olan uşaqlar yerli vətəndaşlarla yanaşı, xarici vətəndaşlara da övladlığa verilir. 2017-ci ilin ilk üç ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən bir uşaq övladlığa götürülüb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov məlumat verib. Onun sözlərinə görə, 2008-ci il təvəllüdlü oğlan uşağı Türkiyə vətəndaşı tərəfindən övladlığa götürülüb.

© Photo : Şəxsi arxiv Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov  - Sputnik Azərbaycan
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov

Bəs, xarici vətəndaşlar uşaqları hansı şərtlər daxilində övladlığa götürə bilərlər? Seymur Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ əvvəllər Ədliyyə Nazirliyinin, daha sonra Nazirlər Kabinetində komissiya vasitəsilə icra olunub: "2007-ci ildən isə ölkələrarası övladlığa götürmə üzrə mərkəzi qurum kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təyin edilib".

Onun sözlərinə görə, uşaq övladlığa götürmək Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə ilə tənzimlənir: "Uşaqların ölkə vətəndaşlarına övladlığa verilməsi ilə qəyyumluq və himayəçilik orqanları, Səhiyyə və Təhsil nazirlikləri məşğul olur. Uşaqların əcnəbi vətəndaşlara himayəyə verilməsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi baxır. Azyaşlı uşaqlar Səhiyyə Nazirliyində, bir qədər böyük uşaqlar isə Təhsil Nazirliyinin uçotunda olur. 10 yaşa çatana kimi uşaqların övladlığa verilməsinə onun valideyni, valideyn yoxdursa, onun qəyyumu, o da yoxdursa, qəyyumluq komissiyası qərar verir. 10 yaşdan yuxarı uşaqlar isə özləri övladlıq üçün qərar verirlər".

Komitə rəsmisi onu da qeyd edib ki, Azərbaycan vətəndaşlığı olanlar daha çox sağlam uşaqları övladlığa götürürlər, fiziki imkanları məhdud olan, tam sağlam olmayan uşaqları qəbul etmirlər: "Belə qüsuru olan uşaqların siyahısı bizə təqdim olunur və biz onları əcnəbi vətəndaşlara təklif edirik. Bu, elə uşaqlardır ki, onların qüsurları olsa da, xaricdə müalicəsi mümkündür. Əcnəbi vətəndaşlar belə uşaqlara üstünlük verirlər".

S. Məmmədovun dediyinə görə, uşaqları himayəyə götürən əcnəbi vətəndaşlar daha çox Rusiyada yaşayan həmvətənlərimizdir: "Onların övladları olmadıqda öz razılıqları və bizim vasitəmizlə yaxın qohumlarının uşağını övladlığa götürürlər. Fiziki qüsurlu uşaqların xarici vətəndaşlara verilməsi uzun müddət tələb edir və sənədləşmə prosesi çox çəkir. Bu səbəbdən də il ərzində 1 və ya 2 uşaq xarici vətəndaşlara verilir".

"Xarici vətəndaşlara verilən uşaqlara daima nəzarət olunur. Belə ki, bu nəzarət Mülki Prosessual Məcəllənin 350-ci maddəsində öz əksini tapıb" — müdir müavini vurğulayıb.

Onun sözlərinə görə, məhkəmə qərarı ilə övladlığa verilən uşaqlarla bağlı övladlığa götürən əcnəbi vətəndaşların üzərinə öhdəlik qoyulur: "Onlar hər 6 aydan bir komitəyə hesabat təqdim etməlidirlər. Hesabat forması Nazirlər Kabinetinin qərarında öz əksini tapıb. Onlar uşağı övladlığa götürəndən sonra 3 il ərzində ildə 2 dəfə hesabat təqdim edirlər. Bu hesabata fotoşəkillər və 15 dəqiqəlik video da əlavə edilməlidir. Uşaq böyük olanda onun özündən də ailəsindən razı olub-olmadığı öyrənilir".

Xəbər lenti
0