Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Qara bazar"ın oyunçuları leqal mövqelərinə qayıdacaqlar

© Sputnik / Anar Mustafayev"Qara bazar" iştirakçısı
Qara bazar iştirakçısı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Qara bazar"da işləyənlərin əksəriyyəti "exchange"lərin işçiləridir"

BAKI, 21 aprel — Sputnik. Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü — valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə "Valyuta tənzimi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Dəyişikliklər nəticəsində valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "exchange"lərin bağlanması doğru addım deyildi və buna ehtiyac yox idi: "Bunların bağlanması nəticə etibarı ilə rəqabətin zəifləməsinə və "qara bazar"ın yaranmasına gətirib çıxardıb. "Exchange"lərin olmaması bankların alış-satış kursları arasında kəskin fərqin yaranmasına və əksər hallarda bankların vətəndaşlardan valyutanı ucuz alıb, baha satmasına səbəb olub".

Eskpertin sözlərinə görə, bunların olmaması texniki cəhətdən, vətəndaşların pullarını dəyişməsi baxımdan çətinliklər yaradıb: "Bankların özünə spekulyasiya üçün imkanlar yaradıb. Ona görə də valyutadəyişmə məntəqələrinin bərpa edilməsinə ehtiyac var. Təklif vermişdik ki, Bakının və eləcə də respublikanın konkret olaraq hər bir rayonunda "exchange"lərin fəaliyyətinə imkan verilsin və kvotalar müəyyənləşdirilsin. Bakının aparıcı rayonlarında, turistlərin daha çox olduğu, biznesin daha çox cəmləşdiyi rayonlarda "exchange"lərin sayı digər yerlərlə müqayisədə çox ola bilər".

"Exchange"lərin bağlanması 6 min iş yerinin bağlanmasına gətirib çıxardıb. Bunların bərpası həm də iş yerlərinin bərpa edilməsi deməkdir. Eləcə də, "qara bazar"ın leqallaşmasına gətirib çıxardacaq. Bu gün "qara bazar"da qeyri-leqal olaraq çalışanların böyük qismi öz fəaliyyətlərini məhz "exchange"lərdən "qara bazar"a transfer ediblər. "Qara bazar"ın həm də ləğvi baxımından bunların bərpa edilməsinə ehtiyac var" — Bayramov vurğulayıb.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "exchange"lər formal olaraq bankların şöbələri, filialları hesab edilib və manatın sabit dövründə heç bir problem yaranmayıb: "Exchange"lər marja tələbinə əməl edib. Ona görə ki, bazar mövcud olub və "exchange"lər çoxluq təşkil edib. Onlar bazarda olan tələb və təklifdən kənara çıxa bilməyib".

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

"Amma devalvasiyadan sonra bir neçə dəfə dollar qıtlığı yaranıb və banklar dollar satmayıb. Çünki banklar 4 faizlik marja tələbinə əməl etmək istəməyib. Amma "exchange"lər marjanın tələbini pozub. Sahibkarlara və əhaliyə marja tələbini pozaraq dollar satıblar. Faktiki, onlar "qara bazar" kimi fəaliyyət göstəriblər. Mərkəzi Bank ayrı-ayrı valyutadəyişmə məntəqələrinə qarşı tədbir görə bilmirdi. Sonra isə bunlar birdəfəlik bağlanıb" — maliyyəçi bildirib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən marja tələbi götürülüb: "Onsuz da banklar istədiyi məzənnə ilə dollar və digər valyutanı alıb satır. Hazırda "exchange"lər heç bir təhlükə yaratmır. Çünki heç bir məhdudiyyət yoxdur. Amma bu gün "exchange"lər aktual deyil. Onsuz da, banklarda pul dəyişmək olur".

"Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət büdcəsindən maliyyələşmir və faktiki olaraq bankların əlinə baxır. Bu gün "exchange" məsələsini ortaya atıblar ki, Palata da qazanc əldə edə bilsin. Lisenziya və s. üçün Palataya ödəniş olmalıdır" — deyə Həsənov qeyd edib.

Ekspert güman etmir ki, "exchange"lər əvvəlki kimi çox olacaq: "Bu gün bazarda aktivlik yoxdur. Marja tələbi də olmadığı üçün "exchange"lər "qara bazar" kimi fəaliyyət göstərə bilməyəcəklər".

Qeyd edək ki, millət vəkili Vahid Əhmədov APA-ya açıqlamasında valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa ediləcəyini deyib. Onun sözlərinə görə, bu məsələ parlamentdə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) rəhbərliyi ilə müzakirə olunub.

© Photo : REPORTMilli Məclisin deputatı Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan
Milli Məclisin deputatı Vahid Əhmədov

"Vaxtilə Azərbaycanda valyutadəyişmə məntəqələri fəaliyyət göstərərkən, tənzimləyici funksiyasını Mərkəzi Bank həyata keçirirdi. O zaman da valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxslər 500 manat məbləğində rüsum ödəyirdilər" — deputat bildirib.

V. Əhmədovun sözlərinə görə, müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan layihə qəbul olunarsa, nəzarət MBNP-yə keçəcək: "Hazırda bununla bağlı müzakirələr gedir. Açıq deyim ki, qanun layihəsində mübahisəli məqamlar çoxdur. Palata təklif edirdi ki, valyutadəyişmə məntəqəsini açmaq istəyən şəxslər 500 manat rüsumdan əlavə 50 min dollar və 50 min manat məbləğində kapital qoyuluşu həyata keçirsin. Lakin bununla razılaşmadıq və bu məsələ gündəlikdən çıxarıldı. Yeni variantda isə məbləğ ümumiyyətlə göstərilməyib. Belə çıxır ki, məbləği Palata müəyyənləşdirəcək".

Millət vəkili bildirib ki, hazırda valyuta bazarında stabilləşmə olduğu və ölkəyə turist axını artdığı üçün aidiyyəti qurumlar "exchange"lərin fəaliyyətinin bərpasını məqbul sayıb. Onun subyektiv fikrincə, indiki vəziyyətdə bu addımın atılmasına ehtiyac yoxdur.

Xəbər lenti
0