BAKI, 24 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, Oğuz, Şəki və Mingəçevir şəhərlərini birləşdirən Kərimli yolu istismar müddətini başa vurub. 1984-cü ildə salınan yol yarıya kimi asfaltlanıb, digər hissəsi isə "yaddan çıxıb". Ərazi həm də turizm bölgəsi olduğundan və Kərimli kurqanlarına aparan yol olduğundan, xüsusi əhəmiyyət daşıyır. Buna baxmayaraq yol baxımsız haldadır.
Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli ilə danışıb. Problemə münasibət bildirən Anar Nəcəfli qeyd edib ki, bu yol 31 kilometr uzunluğunda olan "Kərimli avtomobil yolu" adlanır.
"Həmin yol Şəki və Oğuz rayonlarının ərazisindən keçir. Bu yolun həqiqətən 9 kilometr olan hissəsinin yenidən qurulmasına ehtiyac var. Bizim tərəfimizdən həmin yol artıq təmirə ehtiyacı olan yollar siyahısına alınıb" — Nəcəfli bildirib.
Onun sözlərinə görə, yaxın günlər ərzində maliyyə vəsaiti ayrılacaq və tez bir zamanda təmirə başlanılacaq: "Maliyyənin nə vaxt ayrılacağı dəqiq olmasa da, deyə bilərəm ki, bu il ərzində layihənin planlaşdırılması gözlənilir".
Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, bu il "Azəravtoyol" ASC-i tərəfindən 40-dan çox yolun təmir edilib istismara verilməsi planlaşdırılır və bu istiqamətdə işlər aparılır.