BAKI, 21 aprel — Sputnik. Dünən Tovuz rayonunda 15 yaşlı yeniyetmənin 22 yaşlı qardaşını güllələyərək öldürməsi hadisəsinin şok təfərrüatı üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, İbrahimhacılı kənd sakini İbrahim İsmayılov, qardaşı Sərxan və iki qonşusu ilə dağətəyi əraziyə ova gedib. Burada ov edə bilməyən gənclər saat 16:30 radələrində tüfəngi bir-birinin başına dirəyərək maraqlı şəkil çəkdirmək qərarına gəliblər və əvvəlcə Sərxan 15 yaşlı qardaşının başına silah dayayaraq şəkil çəkdirib. Daha sonra isə eyni formada şəkil çəkdirmək üçün kiçik qardaşı Sərxanın başına silah dirəyib. Bu zaman onun barmağı ehtiyatsızlıqdan tüfəngin tətiyinə ilişib və atəş açılıb. Yaxın məsafədən açılan atəş 22 yaşlı Sərxan İsmayılovun yerindəcə ölümünə səbəb olub.
Hadisədən sonra ailə üzvləri və qohumları 15 yaşlı İbrahimin polis tərəfindən aparılmasına qarşı çıxıb. O, dindirildikdən sonra gecə saatlarında evinə qaytarılıb.
Bildirilir ki, gənclərin atası ortancıl oğlu ilə Rusiyada işləyir və dünən gecə saatlarında hadisədən xəbər tutan kimi təcili Azərbaycana gəlib.