BAKI, 21 aprel — Sputnik. Ucarlı "öncəgörən"in cəsədi üç ay yarım evlərinin yanında olub, amma ailə üzvlərindən heç kəs bunun fərqinə varmayıb. Ucar rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a, ötən ilin dekabr ayında itkin düşən, öncəgörənliyi ilə tanınan qocanın aqibəti barədə məlumat veriblər. Onun cəsədi görün haradan tapılıb.
Qazyan kəndinin sakini, 1935-ci il təvəllüdlü Əliyev Xəlil Əli oğlu dekabrın 29-dan 30-na keçən gecə evdən çıxıb. Növbəti gün onun oğlu Qalib Əliyev polisə müraciət edərək atasının axtarışının elan edilməsini istəyib.
"Kişinin cəsədi yaşadığı evin yaxınlığındakı su kanalından tapılıb. Sadəcə, qışda kanalda suyun səviyyəsi yuxarı olur, yazda isə su azalır. Buna görə də Əliyevin cəsədi üzə çıxıb" – deyə polisdən bildiriblər.
Asayiş keşikçilərinin sözlərinə görə, Əliyev ekstrasens olmayıb. Sadəcə hərdən fala baxıb, kənd sakinlərinin gələcəyi barədə öncədən məlumat verirmiş.
Son zamanlar Əliyev yaşla əlaqədar olaraq psixi çatışmazlıqdan əziyyət çəkirmiş. Ehtimal var ki, kişi qaranlıqda kanala düşüb və boğulub. Qoca olduğundan müqavimət göstərə və köməyə adam çağıra bilməyib.