BAKI, 20 aprel — Sputnik. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu 2017-ci ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrini açıqlayıb.
İşçi Qrupdan Sputnik Azərbaycan-a verilən məlumata görə, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkar edilib. Onlardan 244-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 644-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-sı isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 328 kq 780,336 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 258 kq 046,736 qr marixuana (78,5%), 50 kq 854,54 qr tiryək (15,5%), 18 kq 451,96 qr heroin (5,6%), 983,3 qr həşiş (0,3%), 9,8 qr digərləri və 434 qr psixotrop maddələr (0,1%) (1517 ədəd həb) təşkil edib.
Cinayət məsuliyyətinə 639 nəfər cəlb edilib. Onlardan 1-i 18 yaşadək, 57-si 18-25 yaşadək, 87-si 26-29 yaşadək, 494-ü 30 yaşdan yuxarı, 7-si fəhlə, 1-i qulluqçu və ya maddi məsul şəxs, 578-i işləməyənlər, 630-u kişilər, 9-u qadınlar, 7 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 5 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 1-i İran İslam Respublikası, 3-ü Gürcüstan, 3-ü isə Rusiya Federasiyası vətəndaşı olub.