BAKI, 20 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətərin dünyaca məşhur "Əl-Cəzirə" telekanalına özəl müsahibə verib. Sputnik Azərbaycan xəbər verir ki, regional və qlobal mövzuda bir çox məsələyə toxunan Ərdoğan, ABŞ-ın keçmiş prezidenti Barak Obama haqqında da danışıb. Obamanı yalançı adlandıran Türkiyə prezidenti, Amerikanın keçmiş rəhbərini Türkiyə hökumətini aldatmaqda təqsirləndirib.
"PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-PYD barəsində, cənab Obama təəssüf ki, bizi aldatdı. Dəfələrlə müttəfiqlik prinsiplərinə sadiq qalacağına söz verdi, amma nəticədə İŞİD-ə qarşı Türkiyə dövləti ilə yox, terrorçu PYD ilə iş gördü" — Ərdoğan bildirib.
Jurnalistin, "Bəs Donald Trampdan da eyni davranışı gözləyirsinizmi?" sualına prezident belə cavab verib: "Xeyr, bunu ehtimal etmirəm. Çünki cənab Tramp hakimiyyətə başlar-başlamaz Suriya məsələsində Türkiyə ilə yaxından çalışacağını söylədi".