BAKI, 20 aprel — Sputnik. Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2017-ci ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 108 nəfər təşkil edib. Bu barədə Sputnik Azərbaycan-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib. Belə ki, həmin şəxslərdən 107-i (99%) Azərbaycan vətəndaşı, 1-i (1%) isə əcnəbidir.
Ədliyyə Nazirliyi tərəfindən 2017-ci ilin I rübü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 545 nəfər göndərilib. Onlardan 369 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib.
Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunduğu 1987-ci ildən 1 aprel 2017-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6293 nəfər qeydiyyata götürülüb ki, onlardan 6086-ı (96,7%) Azərbaycan vətəndaşı, 207-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4649-u (73,8%) kişi, 1644-ü (26,2%) qadındır.
İİV-ə yoluxması təsdiq olunan 6293 nəfərdən 2979-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2190 (74,5%) nəfər dispanser qeydiyyatındadır.