BAKI, 20 aprel — Sputnik. Deputat, xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Sputnik Azərbaycan xəbər verir ki, bu, yeni hazırlanan "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsində əksini tapıb.
Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Deputat, hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Milli Məclisin İntizam Komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır. Həmin qanun layihəsinin 10 maddəsi hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər adlanır.