BAKI, 19 aprel — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə müraciət edib. Bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli açıqlama verib.
Bu açıqlamadan sonra sosial şəbəkə istifadəçiləri tərəfindən etiraz xarakterli statuslar yazılmağa başlayıb. Əksər vətəndaşlar hesab edirlər ki, vahid tarifin tətbiq olunması taksi xidməti göstərən firmalar arasında rəqabətin azalmasına səbəb olacaq ki, onlar da əhaliyə daha yüksək xidmət və ucuz qiymət təklif etməkdə maraqlı olmayacaqlar. Bundan əlavə, vahid tarifin tətbiq olunmasının bazar iqtisadiyyatı prinsipləri ilə ziddiyyət təşkil etdiyi də qeyd olunur.
Sputnik Azərbaycan-ın əməkdaşı Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayevlə əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri bildirib ki, taksi xidmətinin təşkili və taksi xidmətinə nəzarət Bakı Nəqliyyat Agentliyinin yarandığı gündən həyata keçirilir: "Özəl taksi şirkətləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qeydiyyatdan keçir, amma BNA həmin şirkətlərin avtomobillərinə taksi kimi fəaliyyət göstərmək üçün fərqlənmə nişanı təqdim edir".
Vahid qiymətin tətbiq olunmasına gəlincə, mətbuat xidmətinin rəhbəri bildirib ki, bu, istər fiziki, istərsə də hüquqi şəxslərə aid ediləcək: "Hər bir taksi sürücüsü eyni məsafəni vahid qiymətə gedəcək. Buna görə də taksi xidməti göstərmək istəyən şəxslər və şirkətlər tələblərə cavab verməlidir".
Onun sözlərinə görə, hal-hazırda müvafiq qurumlarla birlikdə araşdırma aparılır: "Elə qiymət tətbiq olunmalıdır ki, bu həm sürücülərə, həm də sərnişinlərə sərf etsin. Yaxın gələcəkdə vahid qiymət və yeni qaydalarla bağlı açıqlama veriləcək".
M. Ağayev onu da qeyd edib ki, BNA-nə taksilərlə bağlı çox sayda şikayət gəlir: "Şikayətlərin əksəriyyəti taksi maşınlarının köhnə olmasından, çağırılmış taksinin ünvana gec gəlməsindən, taksi sürücülərinin yolları tanımamasından ibarətdir. Yeni qaydalarda bu şikayətlər öz həllini tapacaq".
"Bunun üçün vahid taksi sistemi qurulmalıdır. Yaxın günlərdə taksometrlər bütün taksilərdə quraşdırılacaq. Bununla da vahid taksi qiyməti tətbiq ediləcək. Yaxın gələcəkdə bütün şərtlər açıqlanacaq. Məqsədimiz Bakı şəhərində taksi fəaliyyətini də yüksək səviyyəyə gətirməkdir" – Agentlik sözçüsü vurğulayıb.