Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 19 apr — Sputnik. Ötən illə müqayisədə Bərdədə pambıq əkilən tarlaların, təqribən 3 dəfə artacağı gözlənilir. Son günlər havanın yağıntılı keçməsi isə səpini ləngidib.
Fermerlər səpini vaxtında başa çatdıra bilməyəcəklərindən narahatdırlar. Bu sahəyə marağın artmasını torpaq sahibləri pambığın alış qiymətinin artması ilə izah edirlər. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan fermerlərin sözlərinə görə, qiymət artımı dolayısı ilə məhsuldarlığa da müsbət təsir göstərir.
Belə ki, əvvəlki illərdə ucuz tədarük olunan məhsulun maya dəyərini aşağı salmaq üçün torpaq sahibləri aqrotexniki tədbirləri azaltmaq məcburiyyətində qalırdılar. Bu da məhsuldarlığı aşağı salırdı. Üstəlik, bu il fermerlər tarlaya xaricdən gətirilmiş yüksək keyfiyyətli çiyid (toxum) səpdiklərini deyirlər.
"Bu toxumlar bir hektara 50-60 sentner məhsul verməlidir. Türkiyədən alınıb. Bizə zavoddan verilib. O torpaqla buranın fərqini də nəzərə alanda, biz ən az 40-45 sentner məhsuldarlıq gözləyirik. 16 hektar sahəyə səpəcəm" — deyir fermer Kamran Rəhimov.
Hazırda 1 ha sahədə pambıq becərmək üçün 750-800 manat vəsait tələb olunur. Becərmə üçün lazım olan məbləğ isə tədarükçü şirkət tərəfindən ödənilir. Şəxsi kapitalı yetərli olmayan fermerlər pambıqçılığı özləri üçün kənd təsərrüfatının ən sərfəli sahəsi hesab edirlər.
"Ayın əvvəlindən səpinə başlamışam. 25 hektar əraziyə toxum səpilib. Hava imkan versə, əlavə 25 hektara da səpəcəm. İndiyə qədər 7000 manat xərclənib. Xərci zavod çəkir. Pulun varsa, özün də ödəyə bilərsən. Yekunda 51 qəpkdən zavod götürür pambığı, 10 qəpik də hər kiloqramına dövlət subsidiya verir" — torpaq sahibi Ruhi Qarayev bildirir.
Ötən il texnika sarıdan qıtlıq olduğunu deyən fermerlər, hələlik bu mövsüm belə bir problemlə üzləşməyblər. "Dünən mənim yerimə traktoru saldıq, nəmişlik olduğuna görə iş getmədi. Geckmə, ola bilsin bir az məhsuldarlığa təsir edəcək" — fermer Nizami Nəcəfov qeyd edir.
Bərdə Pambıq Zavodundan da Sputnik Azərbaycan-a bildirdilər ki, bu il texnika baxımından problem yaşanmayacaq: "Zavodun kifayət qədər texnikası var. Bu il tədarükçü şirkət tərəfindən zavoda 3 ədəd də əlavə səpin texnikası verilib. Hava şəraiti əlverişli keçərsə, may ayının əvvəlinə qədər səpin yekunlaşacaq. Ümumilikdə isə rayonda bu il 7800 hektardan çox sahədə pambıq əkiləcəyi planlaşdırılıb".