BAKI, 18 apr — Sputnik. Hər gün səhərimizi eyni xəbərlə açırıq: filankəs özünü asaraq intihar etdi, filankəs özünü binadan atdı… Böyüklər çox zaman borclar, ailədaxili problemlər səbəbindən intihara əl atırlar. Bəs uşaqlar niyə intihar edirlər?
Təkrar-təkrar intihara cəhd edən uşaqların bəzilərinin ailəsinə diqqət yetirən zaman görmək olur ki, onlar yaxşı təhsil alır, maddi problem yaşamır və ailədə gərginlik yoxdur. Mütəxəssislərə görə, belə intiharların əsas səbəbi psixoloji problemdir.
Bu cür intiharlardan biri ötən gün Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Orada yaşayan 11-ci sinif şagirdi, 1999-cu il təvəllüdlü Nərmin Aslanova özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Ölüm haqqında düşüncələr
Mütəxəssislərə görə, ölüm haqqındakı düşüncələr uşaqlarda ümumiyyətlə 10 yaşından sonra meydana gəlir. Bu səbəbdən, 10 yaşdan kiçik uşaqlarda intihar hallarına çox az rast gəlinir. 10 yaşından yuxarı uşaqlarda da intihar nisbəti azdır. Buna baxmayaraq, intihar cəhdləri real intiharlardan qat-qat çoxdur.
"Hüquq Dünyası" İctimai Birliyinin sədri Rafiq Alışovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, uşaq intiharlarının səbəbləri müxtəlif olsa da, ilk sırada valideyn etinasızlığı durur: "Uşaqlar çox zaman valideyn etinasızlığına görə intihar edirlər. Onların fikrinə hörmətlə yanaşılmaması, uşaqların problemləri ilə yaxından maraqlanmamaq, onların hansı hisslər keçirməsinə önəm verməmək uşağın intihar etməsinə səbbə ola bilər".
"Bununla yanaşı, uşaqlarda psixoloji problemlər də ola bilər. Valideyn bunu başa düşməlidir və uşaqları erkən yaşlarından psixoloqun yanına aparmalıdır. Uşaqlar bu yaşda mütləq psixoloqa yönləndirilməli, onların ehtiyacları, psixoloji vəziyyəti vaxtında təsbit edilməlidir" — Alışov bildirir.
Ekspert hesab edir ki, digər problem məktəblə bağlıdır: "Məktəbdə uşaqla davranışların düzgün qurulmaması, məktəbin təlim-tərbiyə funksiyasını yerinə yetirməməsi uşağı intihara sövq edir. Bu gün elektron vasitələrdən həddən artıq istifadə, internet və whatsapp yazışmaları, valideynlərin yazışmalarla bağlı məlumatsızlığı, bununla bağlı maarifləndirmənin olmamasıdır ki, valideynlər uşaqları ilə düzgün münasibət qura bilmir. Uşaqlar da internetdən və whatsapp-dan istifadə qaydaları, zərərləri, faydaları barədə məlumatsızdır".
Ən təhlükəli dönəm
R. Alışovun fikrincə, valideynlər uşaqlarına telefon alarkən diqqət etməlidirlər ki, orta məktəbdə oxuyan uşaqlarda internet və whatsapp-ı dəstəkləyən telefon olmasın: "Uşaqlara ancaq danışıq üçün lazım olan telefon alınmaldır. Valideynlər uşaqlarına 500-1000 manatlıq telefonu almaqla valideynlik borcunu yerinə yetirdiklərini düşünürlər".
"İntihar edən uşaqların müxtəlif problemləri olur. Bunlardan biri də ataların uşaqlara diqqətinin az olması ilə bağlıdır. Mən valideyn iclaslarında fikir verirəm ki, çox zaman iclasa analar gəlir. Atalar işlərinin çox olmasını bəhanə edərək, iclaslarda iştirak etmirlər. Amma atanın işləməsi valideynlik borcunu ödəməyə mane olmamalıdır" — müsahibimiz vurğulayır.
Ekspert uşaqlarda ölüm haqqında düşüncələrin 13-14 yaşlarında yaranmağa başladığını deyir: "Ona görə də, bu dövrdə həm valideynlər, həm də müəllimlər uşağa qarşı diqqətli olmalıdır. Məktəbdə oğlan qıza baxır. Müəllim düşür uşağın üstünə ki, sən niyə qıza baxdın. Müəllim uşağın üstünə qışqırır. Sonra sinif yoldaşları da başlayırlar uşağı lağa qoymağa ki, sən o qızı sevirsən. Bu zaman uşaqda o müəllimə qarşı nifrət yaranır. Uşaq özünü diskomfort hiss etdiyi üçün intihar da edə, müəllimə qarşı hansısa cinayət də törədə bilər".
"İnternetə giriş qadağan edilsin"
Psixoloq Fərqanə Mehmanqızı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, adətən uşaq intihar etmək üçün uzun müddət hazırlaşır: "Uşaq intiharlarının qarşısının alınması üçün bütün cəmiyyət çalışmalıdır. Məncə, uşaq intiharlarının qarşısının alınması üçün uşaqların internetə girişini qadağan etmək lazımdır. Yəni, uşaq cinəyatkarlığı, intihar, uşaq zorakılığı ilə bağlı məsələləri analiz edəndə, son olaraq gəlib internet üzərinə çıxırıq. Hədsiz informasiya azadlığı uşaqlara pis təsir edir".
"Məktəb psixoloqlarının işi gücləndirilməlidir. Onlar uşaqlarla yaxından maraqlanmalıdırlar. Uşağın yanında ölümdən, intihardan danışmayın, onları belə proqramlara baxmağa qoymayın. Ya da qarşınıza alıb, sakitcə başa salın. İkinci variant çox çətin olsa da, buna cəhd etməyə çalışın. Həyatın gözəl olduğunu, yaşamağın şirin olduğunu, onu nə qədər sevdiyinizi, onun böyüməsini arzuladığınızı ona başa salın. Ürəyinizdən başqa düşüncələr keçsə də, unutmayın ki, sevgi görən uşaq həm sakit, sözə baxan olur, həm də intihara, ölümə can atmır" — Mehmanqızı bildirir.
Qeyd edək ki, ekspertlər intiharların baş vermə səbəblərindən biri kimi KİV-də, xüsusilə də televiziyalarda işıqlandırılan intihar dalğasının nümayişini göstərirlər. Buna Verter effekti və ya Verter sindiromu deyirlər. Bu hal ilk dəfə 1975-ci ildə araşdırılıb. Belə ki, sosioloq Devid Flips, Hötenin 18-ci əsrdə yazılmış və kütləvi intiharlara səbəb olmuş "Gənc Verterin İztirabları" adlı əsərini araşdırdıqdan sonra həmin illər ərzində 12 yaşdan başlamış yeniyetmələr arasında baş vermiş 585 intihar hadisəsi ilə bağlı bütün sənədləri toplayıb. Bu zaman məlum olub ki, TV-də və ya KİV-də işıqlandırılan hər bir intihar faktından sonra bir həftə ərzində insanlar intihara cəhdi edir. Bu intihar cəhdləri əsasən gənclər tərəfindən həyata keçirilir.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il dünyada 60 milyondan çox adam intihar barədə düşünür, 1 milyon insan isə intihar edir. ÜST bu rəqəmin 2020-ci ilə qədər ikiqat artacağını da proqnozlaşdırır…