İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 17 apr — Sputnik. Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” bayramını qeyd ediblər.
Nic qəsəbəsindəki “Cotari” kilsəsində təşkil olunan bayram mərasimində Alban-udi dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək “Pasxa” bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışaraq bayram münasibətilə insanları təbrik ediblər. Sonra kilsədə şamlar yandırılıb, dualar oxunub.
Dini ayinlərin icrasından sonra “Cotari” kilsəsinin həyətində udin xalqının qədim “Kala Axsibay” bayramı qeyd olunub. Bayram tədbirində udin xalqının qədim ənənəsi canlandırılıb. Məlumat verilib ki, sovet dövründə udinlərə öz bayramlarını qeyd etmək qadağan olunub. Yalnız 2002-ci ildə əsaslı təmir və bərpa olunan “Cotari“ məbədi udinlərin istifadəsinə verilib. Hazırda Nic qəsəbəsində 3 kilsə, iki məscid var. 6 min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.
Sonra kilsənin həyətində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Alban-Udi Xristian dini icmasının birgə təşkil etdiyi “Azərbaycan dilini öyrənirik” layihəsi əsasında fəaliyyət göstərən 9 aylıq kursun iştirakçıları olan udi gənclərinə sertifikatlar təqdim edilib. Həmçinin, Bilik Fondu tərəfindən kilsəyə 60 adda kitab hədiyyə olunub. Azərbaycan, rus, ingilis dillərində olan bu kitabların, eləcə də “Multikulturalizm” jurnalının sərgisi açılıb. Pasxa bayramını qeyd etmək üçün “Cotari” Alban-udi kilsəsinə toplaşan Nic sakinləri kitab sərgisi ilə tanış olublar.