BAKI, 15 apr — Sputnik. İŞİD terror qruplaşmasının yaraqlıları cümə günü İraqın Mosul şəhərinin qərbində yerləşən və bu yaxınlarda azad olunmuş rayonlarda zəhərləyici maddə tətbiq ediblər.
Sputnik Report-a istinadla xəbər verir ki, bu barədə İraq ordusundakı anonim mənbəyə istinadən "Associated Press" məlumat yayıb.
Mənbənin sözlərinə görə, İŞİD yaraqlıları Mosula tərkibində xlor olan raket atıblar. Hücum nəticəsində yeddi hərbçinin tənəffüsündə problem yaranıb, onlar xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, bir müddət əvvəl Suriyanın İdlib əyalətinin dinc sakinlərinə qarşı da kimyəvi silah tətbiq edilib. ABŞ bu silahın Bəşər Əsədə tabe olan Suriyanın dövlət hərbi qüvvələri tərəfindən istifadə etdiyini iddia etsə də, Əsəd özü və Rusiya bunu təkzib edib. Əsəd və Rusiya rəsmiləri kimyəvi silahın İŞİD tərəfindən tətbiq edildiyini bildirirlər.