BAKI, 14 apr — Sputnik. Millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının 2016-cı il üçün hesabatının müzakirəsi zamanı ölkədə maliyyə intizamı ilə bağlı problemlərin olduğunu deyib. Sputnik Azərbaycan-ın xəbərinə görə, millət vəkili bildirib ki, dövlət büdcəsindən vəsait oğurlayanlara qarşı cəzalar daha da sərt olmalıdır.
O, parlamentdə büdcə və büdcəyə nəzarət komitəsinin yaradılmasını təklif edib: "Bizdə deputatlar nə büdcənin hazırlanması, nə də ona nəzarət funksiyasında iştirak edirlər. Lakin dünya təcrübəsinə baxsaq, görərik ki, digər ölkələrin parlamentlərində yaradılan quruma müxalifəti təmsil edən deputatlar nəzarət edirlər".
"Xalqın vəsaitini oğurlayanlar cəzalandırılmalıdır. Oğurlanan vəsaitlərin geri qaytarılması yaxşıdır. Lakin onu edənlər də cəzasız qalmamalıdır" — Həsənquliyev vurğulayıb.