CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şabranda "törə cinayəti"nin qurbanı olan qız tükürpədici faktlar açıqladı

CC0 / markusspiske / knifeУдар ножом, фото из архива
Удар ножом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Evə getmək istəmirəm. Çox xahiş edirəm, mənə köməklik göstərin. O evə getsəm ya həmin oğlana ərə getməliyəm, ya da ölməliyəm".

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 apr — Sputnik. Bir neçə gün əvvəl qardaşı tərəfindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilən, Şabran rayon sakini Selcan Rzayevanın səhhəti qaydasına düşməyə başlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri onunla, müalicə olunduğu Şabran Rayon Mərkəzi Xəstəxanasında görüşərək, hadisənin təfərrüatlarını öyrənib.

© Sputnik / Leyla AbdullayevaSelcan Rzayeva ən ciddi xəsarətləri üz nahiyəsindən alıb
Selcan Rzayeva ən ciddi xəsarətləri üz nahiyəsindən alıb - Sputnik Azərbaycan
Selcan Rzayeva ən ciddi xəsarətləri üz nahiyəsindən alıb

"Məni tanımadığım, sevmədiyim oğlanla nişanladılar. Bir dəfə qonaq gəldilər. Bibim nə etdi, nə etmədi, onların ikinci gəlişi elçilik oldu. Elçilik olan gün həm də barmağıma nişan üzüyünü taxdılar" — deyir Selcan.

Danışdığına görə, bibisı qızı həmin oğlanın əmisi oğlu ilə ailəlidir: "Mənə elçi gələn oğlan bibimin o biri qızını sevib. Bibim qızını ona vermədi. Amma anama təzyiq edib mənim həmin oğlanla ailə qurmağımı təkidlə tələb edir. Əgər elə istəyirdin, niyə öz qızını ona ərə vermədin?!"

S. Rzayeva ailəsinin də bibisinin tərəfini tutduğunu bildirir: "Martın 18-də ailəmə dedim ki, mən nişanı qaytarmaq istəyirəm. Ailəm də cavabında dedi ki, "ya özünü öldürəcəksən, ya da ərə gedəcəksən". Oğlan tərəf bayramlığa gəlib-getdi. Gün keçdikcə, artıq dözə bilmədim. Oğlana zəng vurub dedim ki, "mən səni sevmirəm, ailə qursam belə, o evdə qalmayacam". Oğlan da bibimə zəng vurub, mənim dediklərimi ona deyib".

"İki gün əmilərim, bibilərim hamısı bizə gəlib, mənə təzyiq etdilər, məni vurdular ki, sən ona ərə gedəcəksən. Bibim qardaşıma deyirdi ki, "ya bunu öldür, ya da o oğlana ərə getsin". Üçüncü gün saat 12.00 olardı. Qardaşım işdən icazə alıb evə gəldi. Evə girər-girməz bıçaq istədi, mən də bıçağı gətirdim. Ardınca ikinci bıçağı istədi. İkinci bıçağı da götürüb, bıçaqları itilədi. Sonra boğazıma çəkdi. Xoşbəxtlikdənmi deyim, yoxsa bədbəxtlikdənmi, bıçaq boğazımı kəsmədi" — deyir Selcan.

Sonrakı prosesi belə anladır: "Dedim, "sən mənə heç nə eləmə, özüm-özümü öldürəcəm". Mənimlə razılaşıb, evin zirzəmisinə gedib, naqil xətlərindən kəsib tövlədən asdı. Mənə dedi ki, özünü as, öldür. Sonra kiçik qardaşıma zəng vurub dedi ki, bacını öldürürəm. Qardaşım da əmimin gəlininə zəng vurub ki, get bizə, imkan vermə öldürsün".

© Sputnik / Leyla AbdullayevaBel nahiyəsindəki bıçaq yaraları
Bel nahiyəsindəki bıçaq yaraları - Sputnik Azərbaycan
Bel nahiyəsindəki bıçaq yaraları

S. Rzayevanın sözlərinə görə, qardaşı daha sonra bibisinə zəng vuraraq deyib ki, "bacımı öldürürəm". Bibisi isə yenə də "ya o oğlana ərə getsin, ya da öldür" deyib: "Sonra əmimin gəlini gəlib qardaşımla mənim aramda dayandı. O çəkilən kimi, qardaşım iki bıçaq zərbəsi vurdu. Onun günahı yoxdur. Bibilərim və bibimin oğlu onu mənə qarşı istifadə edə bildilər. Bu hadisədən sonra belə, valideynlərim məni yenə o oğlana ərə vermək istəyirlər. Bibilərim isə toy vaxtını müəyyənləşdirmək istəyirlər. Düşünəndə ki, xəstəxanadan çıxıb o evə gedəcəm, çox qorxuram".

Ailəsinin təzyiqlərinə tab gətirə bilmədiyini deyən Selcan, valideynlərinin ona qarşı çox soyuqqanlı olduqlarını qeyd edir: "Bibilərim hətta mənə görə anamı da döyüblər. Evə getmək istəmirəm. Çox xahiş edirəm, mənə köməklik göstərin. O evə getsəm ya həmin oğlana ərə getməliyəm, ya da ölməliyəm".

O, həmçinin bildirir ki, qardaşı bıçaqlamaya görə polisə aparılsa da, sonradan sərbəst buraxılıb. Yəni, Selcan tam sağaldıqdan sonra, onu bıçaqlayan qardaşının yaşadığı evə qayıdacaq. Gerisini özünüz təsəvvür edin…

P.S.

Sputnik Azərbaycan olaraq qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq. Bölgə müxbirimizin Selcanın ailəsi ilə danışmaq cəhdləri hələlik alınmayıb.

Xəbər lenti
0