BAKI, 12 apr — Sputnik. Nazirlər Kabineti "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda dəyişiklik edib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, qaydaya əsasən, Azərbaycanın gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir.
İndiyə qədər gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə, uyğunluq sertifikatı, yeyinti məhsulları Avropa İttifaqı ölkələrinə ixrac edildikdə, keyfiyyət sertifikatı təqdim edilməsi tələb olunub. Dəyişikliyə əsasən, bu sertifikatlar tələb edilən sənədlər sırasından çıxarılıb. Bitki və bitkiçilik məhsulları ixrac edildikdə fitosanitar sertifikatı da tələb olunmayacaq.
İndiyə qədər etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı xüsusi razılıq sənədi (lisenziya) tələb olunub. Dəyişikliyə əsasən bundan sonra yalnız bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı lisenziya tələb olunacaq. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.