Prezident: “Bu pozuntular imicimizə zərbə vururdu”

Abunə olmaq
Prezident: "Mənim yadımdadır, dəfələrlə müxtəlif dövlət qurumlarına göstəriş vermişdim ki, bu viza məsələlərini həll edin"

BAKI, 11 apr — Sputnik. “Mənə bu yaxınlarda məruzə edildi ki, üç ay ərzində “ASAN viza” xətti ilə 40 min viza verilib. Bu sistem Azərbaycana viza ilə gələnlərə şamil olunur. Səksəndən çox ölkənin vətəndaşı elektron viza alır”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

“Bunlar olmasaydı, turizm inkişaf edə bilərdimi? Əlbəttə, bizim tariximiz, tarixi abidələrimiz, gözəl iqlimimiz, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəxi də bu işdə rol oynayır. Ancaq bunlar hamısı var idi. Bəs, niyə turizm inkişaf etmirdi? Mənim yadımdadır, dəfələrlə müxtəlif dövlət qurumlarına göstəriş vermişdim ki, bu viza məsələlərini həll edin. Çünki vizalarla bağlı pozuntular bizim imicimizə zərbə vururdu. Xarici vətəndaş o vizanı səfirlikdən almaq üçün min əziyyətə qatlaşmalı olurdu, onu get-gələ salırdılar, qanunsuz tələblər irəli sürürdülər. Bu məsələ birdəfəlik həll olundu. İndi bu, olmasaydı Azərbaycana kim gələrdi?

Bəzi xarici ölkələrdə olarkən görüşlər əsnasında mənə deyirdilər ki, biz Azərbaycana gəlmək istəyirik, bizim vətəndaşlar gəlmək istəyirlər, amma çox çətindir. Gərək bir həftə, iki həftə əvvəl planlaşdırasan, bilinmir hələ sənə viza verəcəklər, ya verməyəcəklər, bizim konsulumuz olan başqa şəhərə getməlisən. Xarici vətəndaş min bir əziyyətdən çıxırdı ki, Azərbaycana gəlsin. Mən bu məsələni tam diqqətə götürdüm və dərhal inqilabi dönüşlər yarandı. Ona görə turistlərin axınının əsas səbəbləri, bax, budur — bizim siyasətimiz, verdiyim göstərişlər, onların icrası, viza və təhlükəsizlik məsələləri, müasir infrastruktur, otellər, istirahət zonaları və əlbəttə ki, Bakının gözəlliyi” — deyə dövlət başçısı vurğulayıb.

Xəbər lenti
0