BAKI, 11 apr – Sputnik. Bakının Suraxanı rayonunda Gürcüstan vətəndaşı öz dostunu bıçaqlayaraq öldürüb. Bu barədə Sputnik Azərbaycan-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Qətl hadisəsi Binə qəsəbəsindəki “Südçülük” sovxozundakı evlərdən birində baş verib.
Cinayətin qurbanı evin sahibi, 1991-ci il təvəllüdlü İsmayılov Fial Elzibar oğlu olub. İsmayılov bir neçə bıçaq zərbəsi alsa da, onun ölümünə səbəb sinə nahiyəsinə vurulan zərbə olub.
Operativ əməliyyat-istintaq tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Bu şəxs 1992-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Əhmədov İlkin Səməd oğlu olub. İlkin araşdırma zamanı məlum olub ki, Əhmədov və İsmayılov təkcə dost olmayıblar, həm də birinci ikincinin kirayənişi olub.
Aprelin 9-un 10-na keçən gecə gənclər özləri üçün süfrə açıblar və bir qədər də spirtli içki qəbul ediblər.
Bundan sonra onlar arasında münaqişə başlayıb. Evin sahibi kirayənişinini öz arvadı ilə əlaqədə olmaqda günahlandırıb. O, Əhmədova deyib ki, onun çirkin məqsədini başa düşür. Söhbət qəlizləşib və Əhmədov bıçağı götürərək qətli törədib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.