BAKI, 11 apr – Sputnik. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qəlyan həvəskarları olduqca çoxdur. Təkcə paytaxt Bakıda, hər iki kafe-restorandan birində müştərilərə cürbəcür qəlyan növləri təqdim olunur.
Restoran sahibləri bu işdən külli miqdarda pul qazandıqları üçün, məhsulun fəsadları barədə gələn qonaqlara heç bir məlumat verilmir. Bu, dünyanın hər yerində belədir.
Qəlyanla bağlı Türkiyədə elm adamlarının keçirdiyi araşdırma olduqca mürəkkəb və ağır nəticələr üzə çıxarıb. Belə ki, aparılan araşdırma, qəlyana tütünlə birlikdə tərkibində narkotik olan maddə qarışdırıldığını, bunu isə müştərilərin öncə hiss etmədiyini ortaya qoyub.
Türk alimləri ən sadə qəlyan növünün belə dəhşətli fəsadlara yol açdığını bildirib. “Qəlyan tüstüsündəki zəhərli maddələr (arsenik, nikel və xrom), siqaretin tütünündəki miqdardan 50 dəfə çox zərərlidir. Bu isə o deməkdir ki, cəmi 1 dəfəyə çəkilən qəlyan 50 siqaretə bərabərdir” – məlumatda qeyd olunub.
“Tütünə qatılan şəkər tamının yanması ilə ərsəyə gələn toksik maddələr və bunların nikotinlə qarşılıqlı təsiri insanda qəlyan asılılığı yaradır. Tütün sənayesi xüsusilə gəncləri hədəf alaraq, qəlyanın tərkibinə şəkərli və ətirli qatqılar əlavə edir. Məqsədləri, qəlyan tüstüsünün udumunu asanlaşdıraraq, bunu gənclərin damaq zövqünə uyğunlaşdırmaq və asılılıq yaratmaqdır” – türk elm adamları açıqlayıb.