BAKI, 8 apr — Sputnik. Mərkəzi Bank (MB) ölkənin kommersiya banklarına dövlət zəmanəti ilə məqsədli kredit ayrılmasını dayandıra bilər. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulur.
Qanunun 49-1-ci maddəsində (Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi) deyilir: "Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir". Yeni qanun layihəsi bu bəndin ləğvini nəzərdə tutur. Təklif komitə üzvləri tərəfindən müsbət qarşılanıb.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Mərkəzi Bank qanuna görə banklara 2 növ kreditlər verir: "Birincisi, banklara krediti yenidən maliyyələşdirmə qaydasında verir. Yəni, MB sadəcə banka kredit verir və bank onu kimə, hansı faizlə verəcəyini özü bilir. Bu, ləğv edilmir. MB uçot dərəcəsi ilə girov götürərək banka kreditlər verə bilər".
Ekspertin sözlərinə görə, burada söhbət məhz dövlət zəmanəti ilə məqsədli kreditlərdən gedir: "Bu, ikinci növ kreditdir. Məsələn, AZAL-a ("Azərbaycan Hava Yolları") kredit lazımdır. MB bu krediti Beynəlxalq Banka verir və ona deyir ki, bunu AZAL-a ver. Yəni, məqsədli kreditdir. MB birbaşa banklardan başqa heç kəsə kredit verə bilməz. Amma belə olan halda faktiki belə çıxır ki, MB elə krediti AZAL-a verir".
O bildirib ki, bununla bağlı olan maddə ləğv edilir: "Əvvəllər Qanunda 49-1-ci maddə yox idi. Bu maddə 2009-cu ildə qanuna daxil edilib. Ona qədər Azərbaycanda MB belə kreditlər vermirdi. Qabaqcıl dünya təcrübəsi onu göstərir ki, Mərkəzi Bank belə kreditlər verməməlidir. Çünki Mərkəzi Bank bu halda kommersiya bankları ilə bərabər bir növ bank xidmətləri göstərmiş olur. Halbuki Mərkəzi Bankın əsas məqsədi gəlir götürmək deyil. Ona görə də aparıcı ölkələrdə belə kreditlər ümumiyyətlə yoxdur".
Ekspert hesab edir ki, 49-1-ci maddənin ləğvi düzgün addımdır: "Amma bu, ümumən MB-nin banklara kredit verməsinin ləğvi demək deyil".
İqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Mərkəzi Bankın mərkəzləşmiş kredit resurslarının bölüşüdürülməsi davam edəcək: "Çünki MB-nin funksiyalarından biri odur ki, yerli banklara mərkəzləşmiş kreditlər təklif etsin. Ona görə də yerli banklara mərkəzləşmiş kreditlərin təqdim edilməsi davam edəcək".
İqtisadçının sözlərinə görə, dəyişikliyə əsasən, dövlət zəmanətli kreditlərin həcmində azalmaların olacağı istisna edilmir: "Burada məqsəd dövlət zəmanətli kreditlərin həcmini məhdudlaşdırmaqdır. Böyük ehtimalla məqsəd dövlətin bu tip öhdəliklərdəki rolunu, payını azaltmaq və bankların daha çox öz maliyyə resursları hesabına kreditləri cəlb etməkdir".
O düşünmür ki, bu, ümumi mərkəzləşmiş kreditlərə ciddi təsir göstərəcək: "Amma dövlətin zəmanəti ilə verilən kreditlərə birbaşa təsir göstərəcək. Kommersiya bankları dövlət zəmanəti ilə daha az kredit cəlb edəcək. Kommersiya bankları bəzi hallarda kredit götürən zaman dövlət ona zəmanət verirdi. Sonra həmin kreditin qaytarılmasında problem olanda dövlət həmin krediti qaytarırdı. Adətən də dövlət qismində Mərkəzi Bank çıxış edirdi. Artıq bu imkanlar məhdudlaşdırılır. Əvvəllər olduğu kimi, kommersiya bankları məqsədli kreditlər üçün dövlət zəmanətindən istifadə edə bilməyəcək".
Ekspertin fikrincə, bu tip dövlət zəmanətli kreditlərin verilməsi tamamilə dayandırılmamalı, imkanlar saxlanılmalıdır: "Burada bankların ödəmə qabiliyyəti, onun sağlamlaşdırılması imkanları və digər faktorlar nəzərə alınmalıdır. Bunlar nəzərə alınaraq dövlət zəmanətinin verilməsi həyata keçirilə bilər. Ona görə də heç bir halda kommersiya bankları üçün bu imkanın tamamən məhdudlaşdırılmasının tərəfdarı deyiləm. Burada süzgəc prinsipinin tətbiq edilməsi məqsədəuyğundur. Əgər bankın ödəmə qabiliyyəti varsa, dövlət zəmanəti ilə kredit almasına imkan yaradılması daha məqsədəuyğundur".