Leyla Abdullayeva, Sputnik Azərbaycan
Azərbaycanın tarixi memarlıq abidələri ilə zəngin olan rayonlarından biri də Xızıdır. Rayon ərazisində mövcud olan, XIX əsrdə inşa olunmuş hamam özünəməxsusluğu ilə seçilən abidələrdəndır.
Hamam rayonun eyni adlı kəndində yerləşir. 1836-cı ildə Məstan adlı şəxs tərəfindən tikildiyi deyilir. Hamam iki otaqdan ibarət olub. Otaqların birinin mərkəzində fəvvarə inşa olunub. Hamam həftənin şənbə və bazar günləri işləyib. Şənbə günləri qadınlar, bazar günləri isə kişilər istifadə ediblər. Kişilər günündə Hüseynqulu, qadınlar günündə isə Sonabacı adlı şəxslər hamama nəzarət ediblər. Hamam ödənişli olub.
Hamam mədəniyyətdir. Şərq hamamları tarixən bütün dünyada məşhur olub. Biz bəzən qərblilərin qabağında "siz yuyunmağın nə olduğunu bilməyəndə, bizdə hamamlar var idi" deyə öyünürük. Amma unuduruq ki, biz tariximizə səhlənkar yanaşarkən, tarixi abidələrimizin uçub dağılmasına göz yumarkən, qərblilər tarixi göz bəbəkləri kimi qoruyurlar.
Sözügedən Xızı hamamının hazırki durumuna nəzər salanda, "Şərq dünyasının tarixi hamamları" barədə ağızdolusu danışmağa haqqımız olmadığı qənaəti yaranır. Çünki hamamın yerləşdiyi bina baxımsızlıq üzündən, nəmişlikdən pis vəziyyətə düşüb. Onun içərisi də çölü kimi bərbad vəziyyətdədir.
Hamamın niyə qorunmadığı və bərpa edilmədiyi barədə, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Xızı rayonu üzrə baş məsləhətçisi Möhsüm Bağırov Sputnik Azərbaycan-ın sualını belə cavablandırıb: "Xızı hamamı uzun müddətdir ki, yararsız vəziyyətdir. Onun bərpası ilə bağlı yuxarı instansiyalardan bizə hər hansı bir tapşırıq verilməyib".
Dialoqun davamı:
— Bunun üçün heç əlaqədar orqanlara müraciət etmisiniz?
— Xeyr.
— Niyə?
— Nə bilim, biz etməmişik, başqalarını bilmirəm, bizə nə deyirlər, onu da edirik…