BAKI, 7 apr — Sputnik. Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralanan Gəncə sakini Zaur Vəliyev hələlik yeriyə bilmir. Onun üzərində ağır cərrahiyyə əməliyyatı keçirilməlidir.
Bu barədə Sputnik Azərbaycan-a zərərçəkmişin anası Kifayət Vəliyeva məlumat verib. Onun sözlərinə görə, partlayış baş verən an oğlu vaqonun ortasında olub. Qatar stansiyaya yaxınlaşıb və o düşməyə hazırlaşıb.
Partlayış dalğası Vəliyevi digər tərəfə tullayıb. Nəticədə onun qabırğaları qırılıb. Eyni zamanda, bir qulağı eşitmə qabiliyyətini itirib.
"Oğlumun danışdığına görə, əvvəlcə elə bilib ki, ölüb. Özünə gələndə isə görüb ki, vaqonun hər tərəfi qan içindədir. Onun əlləri, sifəti digər qurbanların qanına boyanıb. O qanı mən yuyub təmizləmişəm" — deyə Kifayət Vəliyeva bildirib.
Qadının sözlərinə görə, onun oğlu həmişə insanlara kömək etməyə hazırdır: "Dörd il əvvəl Zaur Sankt-Peterburqda təqaüdçünü soyan bir cinayətkarı tutub və onun əlindən oğurlanmış pul kisəsini alaraq zərərçəkmişə qaytarıb. Jurnalistlər onun haqqında reportaj hazırlamaq istəyiblər, lakin o, qətiyyətlə bundan imtina edib. Çünki o, qeyri-adi heç nə etməmişdi" — deyə anası bildirib.
Anası daim oğlunun keşiyini çəkir, ona qayğı göstərir. Amma həkimlər gecələr qadına palatada qalmağa icazə vermirlər. Çünki xəstələr yuxu dərmanlarını qəbul edəndən sonra yatırlar.
Hazırda Vəliyev Peterbuqrda Canelidze adına Elmi Tədqiqat İnstitutunun Təcili Tibbi Yardım Xəstəxanasındadır. Dünən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Zaur Vəliyevi xəstəxanada ziyarət edib.
Qeyd edək ki, aprelin 3-də, Moskva vaxtı ilə saat 14:30-da Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut-2" metrostansiyaları arasında partlayış baş verib. Daha bir partlayış isə "Ploşad Vosstaniya" stansiyasında olmalı imiş. Amma orada əldə düzəldilmiş partlayıcı qurğu vaxtında aşkarlanaraq zərərsizləşdirilib.
Rusiya Federasiyasının İstintaq Komitəsi Cinayət Məcəlləsinin "Terror aktı" maddəsi ilə cinayət işi açıb. Lakin istintaq digər versiyalar üzərində də işləyir. Son məlumatlara görə, terakt nəticəsində 14 nəfər ölüb, 49 nəfərsə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.