CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Kəfənimi oğurladın, a bala" — Dilbər son mənzilə belə yola salındı

© Sputnik / Irade JELILDilbər Əliyevanın dəfn mərasimi
Dilbər Əliyevanın dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Ailə onun ali məktəbi bitirməsini gözləyirmiş, birdəfəlik Azərbaycana köçəcəklərmiş...

BAKI, 6 apr — Sputnik. Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində həyatını itirən 21 yaşlı azərbaycanlı gənc Dilbər Əliyevanın cənazəsi bu gün torpağa tapşırıldı. Sputnik Azərbaycan-ın əməkdaşının da qatıldığı dəfn mərasimində yüzlərlə insan iştirak edib. Başsağlığına gələn insanlar üçün ərazidə 3 yas çadırı qurulmuşdu.

© Sputnik / Irade JELILDilbər Əliyeva ilə vida marəsimi
Dilbər Əliyeva ilə vida marəsimi - Sputnik Azərbaycan
Dilbər Əliyeva ilə vida marəsimi

Dilbər Əliyevanın əmisi Zakir Əliyevin sözlərinə görə, Dilbər 1996-cı ildə Sankt-Peterburqda dünyaya gəlib, Rusiya vətəndaşı olub. Əslən Gürcüstandan olan Əliyevlər ailəsi uzun illər Sankt-Peterburqda yaşayıb.

"Çox sevimli qız idi. Bu il institutu bitirəcəkdi. Sonuncu kursda oxuyurdu…" — deyir əmisi.

Z. Əliyevin sözlərinə görə, hadisə barədə internet vasitəsilə məlumat alıb. Sonradan qardaşına zəng edərək, ondan Dilbərin ağır yaralandığı xəbərini öyrənib: "Sonra dedilər ki, onun həyatını qurtarmaq mümkün olmayıb".

© Sputnik / Irade JELILYas çadırı
Yas çadırı - Sputnik Azərbaycan
Yas çadırı

"Dilbərin qardaşı da Sankt-Peterburda təhsil alır. Bir bacı, bir qardaş idilər. Qardaşım qızın təhsilini bitirməsini gözləyirdi. Deyirdi ki, "qız təhsilini bitirsin, köçüb gələcəyik Azərbaycana". Onlar Azərbayacan çox bağlı bir ailədir" — Z. Əliyev danışır.

Dilbərin xalasının yoldaşı Musa Rzayev də onu pozitiv bir qız kimi xarakterizə edib: "Sankt-Peterburq Universitetinin Psixologiya fakültəsində təhsil alırdı. Çox savadlı qız idi. Arzulayırdı ki, uşaq psixoloqu olsun. Uşaqları çox sevirdi".

© Sputnik / Irade JELILCənazə namazı
Cənazə namazı - Sputnik Azərbaycan
Cənazə namazı

M. Rzayev bildirir ki, hadisəsən sonra Dilbərin atası ona zəng edərək, Dilbərin başına gələnləri danışıb: "Dedi, sağ tərəfdən yaralanıb. Qəlpələr sağ qolunu parçalayıb, ayağını qoparıb, xəstəxanaya gedənədək çox qan itirib. Sonra da dünyasını dəyişib".

"Yayda Dilbər bir ay Bakıda qaldı. O, fərqli uşaq idi. Onun elə ideyaları, elə fikirləri vardı ki… Mənə deyirdi, "əmi, toyumu Bakıda edərsiniz". Qismət olmadı" — Rzayev bunları danışdıqca göz yaşlarını saxlaya bilmir…

© Sputnik / Irade JELILDilbərin atası (sağdan dördüncü) və qardaşı (sağdan üçüncü) onun məzarı başında
Dilbərin atası (sağdan dördüncü) və qardaşı (sağdan üçüncü) onun məzarı başında - Sputnik Azərbaycan
Dilbərin atası (sağdan dördüncü) və qardaşı (sağdan üçüncü) onun məzarı başında

Nəhayət Dilbərin cənazəsi götürüldü. Bu acıya dözmək çətin idi. Anası Güllü xanım, bibiləri, nənələri Dilbəri oxşayıb ağlayırdılar. "Kəfənimi oğurladın, a bala" — deyə nənəsi inildəyirdi.

Dilbərin dostu Ülvin Şirinzadənin sözlərinə görə, Dilbər genişürəkli, həyatsevər qız olub: "Mehriban idi, valideynlərinə çox hörmət edirdi. Uzun müddət Rusiyada yaşasa da, vətənini çox sevirdi. Ailəsi düşünürdü ki, Azərbaycana qayıdıb, burda yaşasınlar. Ancaq qismət olmadı".

"Ən böyük arzusu psixoloq olmaq idi. Deyirdi ki, psixoloq olub, insanların dərdlərinə şərik olmaq istəyir. Amma özü bir dərd oldu sevənləri üçün. Biz onu tez itirdik. Allah rəhmət eləsin" — deyir Ülvin.

Dilbər Əliyeva Suraxanı, Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edildi.

© Sputnik / Irade JELILDilbər Əliyeva Dədə Qorqud qəbiristanlıqda dəfn edildi
Dilbər Əliyeva Dədə Qorqud qəbiristanlıqda dəfn edildi   - Sputnik Azərbaycan
Dilbər Əliyeva Dədə Qorqud qəbiristanlıqda dəfn edildi

Xatırladaq ki, bu il aprelin 3-də Rusiyanın Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut-2" stansiyalarında baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər isə xəsarət alıb. Rusiya Federasiyasının İstintaq Komitəsi hadisə ilə əlaqədar "Terror aktı" maddəsi ilə cinayət içi açıb.

Xəbər lenti
0