BAKI, 7 apr — Sputnik. Fransadan olan sərbəst reportyor Roman Myelkarek (Romain Mielcarek) Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, jurnalist fəaliyyətini həyata keçirmək məqsədilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün akkreditasiya olunmasını və icazə verilməsini xahiş edib. Bu barədə Sputnik Azərbaycan-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
"Roman Myelkarek Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini bildirib. O, gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyinə dair zəmanət verib və xarici KİV nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulmuş müvafiq anket formasını təqdim edib" — Hacıyev bildirib.
Roman Myelkarekin bu müraciətini, Azərbaycanın qanunlarına riayət və hörmət etməsini nəzərə alaraq, onun adı arzuolunmaz şəxslər siyahısına salınmayıb.
Qeyd edək ki, 3-7 mart 2017-ci il tarixində Roman Myelkarek Azərbaycanda olub, cəbhə bölgəsinə səfər edib, qaçqın və məcburi köçkünlərlə görüşüb, münaqişə ilə əlaqədar Azərbaycanın mövqeyi barədə məlumat alıb. 19-20 mart tarixlərində isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib.
Bu hal Azərbaycan tərəfinin ölkəmizin qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan, jurnalist etikasına və obyektivliyinə zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin birtərəfli təbliğatı ilə məşğul olmayan beynəlxalq media nümayəndələri, bloqer və ya sərbəst reportyorlarla konstruktiv əməkdaşlığının növbəti nümunəsidir.