BAKI, 7 apr — Sputnik. "Azərbaycanda kifayət qədər milli-mənəvi dəyər, xalqın özünün dəyərləri mövcuddur ki, bunun özü də insan alverinin qarşısını almaqda köməklik edir. Bunun effekti daha da artırılmalıdır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun hesabatının müzakirəsi zamanı bildirib.
Komitə sədri deyib: “Son vaxtlar müxtəlif mətbuatda məlumatlar oxuyuruq ki, kimsə kimisə qaçırdıb, aparıb və s. Bilavasitə bu məsələlər Azərbaycan milli mentalitetinə zidd olan hərəkətlərdir. Burada ictimai qınaq, nəzarət, ictimaiyyətin iştirakı, KİV-in rolu vacib şərtlərdəndir”.
O, bildirib ki, Azərbaycanda ayrı-ayrı strukturlar insan alverinə qarşı mübarizə aparır. Bu da ümumilikdə mübarizənin effektivliyini artırır.