CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənətkarların evlərini əllərindən alıblar

© Sputnik / Shahperi AbbasovaSandıqlar
Sandıqlar - Sputnik Azərbaycan
Abunə olmaq
"Şəkidəki keçmiş "Sənətkarlar evi"ni də əlimizdən aldılar. Sənətkarların əksəriyyəti mənim kimi orda-burda öz hesabına dükan açıb işləyirlər".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 apr — Sputnik. Əvvəllər "gəlin sandıqsız olmaz" deyirdilər. Müasir dövrümüzdə tələbatın az olmasına baxmayaraq, hələ də sandıq düzəldən ustalar var. Sputnik Azərbaycan-ın həmsöhbəti Şəkinin məşhur sandıqçısı Sadəddin Xasıyevdir.

© Sputnik / Shahperi AbbasovaSandıqçı Sadəddin Xasıyev
Sandıqçı Sadəddin Xasıyev - Sputnik Azərbaycan
Sandıqçı Sadəddin Xasıyev

Şəkililər arasında Sədi dayı kimi tanınan sənətkar, uzun müddətdir ki, bu işlə məşğuldur. Ona bu sənətin atasından miras qaldığını deyən Sadəddin dayı, əhali arasında sandıqçılığa marağın tamamilə öldüyünü bildirir.

"Mənim atam bu işlə 1920-ci ildən məşğul olub. Atama sandıqçı Hüseyn deyərdilər. Mən ilk sandığımı dördüncü sinifdə oxuyanda düzəltmişdim. İnstitutu bitirdikdən sonra bir müddət mühəndis işləyib, sonra pensiyaya çıxdım. Pensiyamın azlığı ucbatından məcbur olub dədə-baba sənətini davam etdirdim. Düzdür, bu, gəlir gətirən bir sənət deyil. Ancaq ata yadigarı olan bu sənətə xüsusi marağım və sevgim var. İki oğluma da bu sənəti öyrətmişəm. Ancaq qiymət verən yoxdur" — deyir Sədi dayı.

Müştəri azlığından gileylənən sənətkarın sözlərinə görə, əvvəllər sandıqları şəkililər alardı, indi heç onlar da almırlar. Əl əməyi ilə ərsəyə gətirdiyi bu qiymətli sənət incilərinə daha çox xarici ölkələrdən Şəkiyə təşrif buyuran turistlər dəyər verirlər. Sadəddin Xasıyev deyir ki, ancaq xaricilər sandıqçalarla maraqlanır və bir-iki dənə mücrü alırlar.

© Sputnik / Shahperi AbbasovaSandıq düzəltmək çətin və səbr tələb edən bir sənətdir
Sandıq düzəltmək çətin və səbr tələb edən bir sənətdir - Sputnik Azərbaycan
Sandıq düzəltmək çətin və səbr tələb edən bir sənətdir

Sandıq düzəltməyin çətin və səbr tələb edən bir sənət olduğunu vurğulayan Sədi dayı, bir sandığı düzəltməyə xeyli vaxt sərf etdiyini qeyd edir: "Balaca bir mücrünü hazırlamaq yeddi günə başa gəlir. Elə sandıq da var ki, üç aya hazırlanır. Sandıqları əvvəlcə taxtadan hazırlayır, sonra isə üstünü dəmirləyirəm. Daha sonra isə üstünə rəng vururam, xüsusi mismarla üzərini bəzəyir və ya hansısa söz yazıram".

Həmsöhbətimiz sandıqçaların və onların üzərinə vurduğu naxışların öz təxəyyülünün məhsulu olduğunu diqqətə çatdırır: "Sandığın bir çox növlərini mən yaratmışam. Məsələn ovalvari, dördkünc və digərləri. "Çekanka" (metal üzərində döymə) sandıqlar da mənim icadımdır. Oval sandığa "çəlləkvari sandıq" da deyirlər. Keçmişdə bu cür sandıqlar olmayıb. Ancaq düzbucaqlı sandıqlar olub. Bu sandıq formalarını və üzərinə vurulan naxışları ikinci bir yerdə görə bilməzsiz. Bunları Şəkiyə mən gətirmişəm".

© Sputnik / Shahperi AbbasovaSandıqların qiymətləri 20-500 manat arasında dəyişir
Sandıqların qiymətləri 20-500 manat arasında dəyişir - Sputnik Azərbaycan
Sandıqların qiymətləri 20-500 manat arasında dəyişir

Sədi dayı sandıqlara daha çox almanların maraq göstərdiklərini deyir: "Sandıqları yerli camaat demək olar ki, almır. Almanlar isə maraqlanır və alırlar".

Sandıqların qiymətinə gəlincə: "Qiymətlər 20-500 manat arasında dəyişir. 2006-cı ildən bu günə qədər cəmi 3 ədəd bahalı sandıq satmışam. İndi sandığı ancaq turistlər alır, ümidimizi onlara bağlamışıq. İstəyərdim ki, qədim sənət növləri yaşasın. Bu sənətlərin yaşamasına şərait yaratsınlar, tariximizi, keçmişimizi öldürməsinlər".

"Şəkidəki keçmiş "Sənətkarlar evi"ni də əlimizdən aldılar. Sənətkarların əksəriyyəti mənim kimi orda-burda öz hesabına dükan açıb işləyirlər. Mən özüm gördüyünüz bu balaca dükanı almışam. Elə vaxt olur ki, 6 ay bir qəpik də qazancım olmur. 174 manat "pensiya" alıram. Mən bu təqaüdlə işıq, qaz pulu verim, yoxsa ailə saxlayım?!" — deyir sənətkar.

O, qeyd edir ki, qədim sənətkarlığa dövlət qayğısı olmalıdır: "Bu qayğı təkcə qədim sənətləri yaşatmaq üçün deyil, həm də Şəkiyə çoxsaylı turistləri cəlb etmək üçün vacibdir. Şəkiyə gələn turistləri buranın qədimliyi, ənənələri qoruyub saxlamağı, nadir sənətkarlığı cəlb edir. Turizmdən pul qazanmaq istəyənlər bilməlidirlər ki, turistlər onların qara qaşına aşiq olub gəlmir. Onları cəlb edən bizim qədimliyimiz, Şəkinin özünəməxsusluğudur. Bu da olmayandan sonra, sənəti və sənətkarı öldürürsənsə, turist bura niyə gəlsin?"

"Ona görə də, dövlət qurumları fikirləşməlidir ki, bahalı hotelləri tikməyə vəsait sərf etdikləri kimi, sənətkarlığı da yaşatmağa vəsait sərf etməlidirlər. Sənətkar yaxşı yaşayarsa, sənət də yaşayar, pul da gələr, güzəran da yaxşı olar, dövlət də varlanar" — Sədi dayı çıxış yolu göstərir.

Xəbər lenti
0