BAKI, 7 apr — Sputnik. ABŞ Aralıq dənizində yerləşən hərbi gəmilərindən, Suriya ordusunun Homs əyalətindəki Şayrat aviabazasını "Tomahawk" raketləri ilə vurub. Sputnik Azərbaycan "The Guardian"a istinadən xəbər verir ki, Suriya ordusunun yerləşdiyi bölmələrə 59 ədəd raket atılıb.
Mövzu ilə bağlı açıqlama verən ABŞ Müdafiə Nazirliyi Pentaqon, hədəf olaraq seçdikləri Şayrat bazasında kimyəvi silahlar olduğunu bildirib. Maraqlıdır ki, raketlərin atıldığı "USS Ross" və "USS Porter" hərbi gəmiləri Rusiyanın Suriyadakı Tartus hərbi bazasının qarşısında yerləşir.
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın hərbi zərbələrini beynəlxalq hüququn kobud şəkildə pozulması, suveren dövlətə qarşı təcavüz hesab edir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən məlumat verir ki, bunu Rysiya dövlət başçısının mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
O, bildirib ki, Suriyanın kimyəvi silahı yoxdur: "Suriya ordusunun kimyəvi silahlarının tam olaraq məhv edilməsi BMT-nin xüsusi qrupu tərəfindən təsdiq edilib".
Peskov onu da deyib ki, Putin terrorçuların kimyəvi silahdan istifadə etməsi faktına tam olaraq göz yumulmasının vəziyyəti ciddi şəkildə gərginləşdirdiyini bildirib: "Dövlət başçısı güman edir ki, ABŞ Suriyaya zərbə endirməklə dünya ictimaiyyətinin diqqətini İraqda dinc sakinlər arasında çoxsaylı qurbanlardan yayındırmaq istəyir".