BAKI, 6 apr — Sputnik. Almaniya hökuməti sosial şəbəkələri 50 milyon avro dəyərində cərimələmək barədə qanun layihəsini dəstəkləyib. Əgər onlar istifadəçilərə nifrəti qızışdıran xəbərlər və feyk məlumatlardan şikayətlənməyə imkan verməsələr və yaxud belə kontenti silməkdən imtina etsələr, cəriməyə məruz qalacaqlar.
Sputnik Azərbaycan DPA agentliyinin məlumatına istinadla xəbər verir ki, sözügedən qanun ilkin mərhələdə iki kateqoriyadan olan məlumatlar üçün keçərli olacaq. Bunlar uşaq pornoqrafiyası və terrorizmə çağırışdır.
Cərimələr konkret olaraq sosial şəbəkə şirkətlərinə və onların top-menecerlərinə yönəldiləcək. Top-menecerlərin cəriməsi şirkətlərlə müqayisədə xeyli az olacaq — 5 mln. avro.
Əgər sözügedən qanun layihəsi Bundestaqda təsdiqlənsə, bu, "Facebook" və digər sosial şəbəkələrə qarşı Almaniyada bu günə qədər qəbul olunan qanunların ən sərti olacaq. Məsələn, qanunu pozan şirkətə o informasiyanın pozulması üçün cəmi 24 saat vaxt veriləcək.
Hökumət bir neçə dəfə internet şirkətlərini xəbərdar edib ki, onlar zərərli informasiyaların, eləcə də miqrantlar əleyhinə olan xoşagəlməz mesajların yayılması ilə effektiv mübarizə apara bilmirlər.
Almaniyada bu ilin sentyabrında seçkilər keçiriləcək. Bir çox alman siyasətçilər hesab edirlər ki, seçkiqabağı sosial şəbəkələrdə böyük həcmdə yalan informasiyalar yayılacaq. Almaniyada artıq aqressiya ritorikası, böhtan, təhrik və təhdid əleyhinə dünyanın ən sərt qanunları hökm sürür.