CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Son 20 ilin acınacaqlı statistikası: bu, həyacan siqnalıdır

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidÇoxuşaqlı ailə, arxiv şəkli
Çoxuşaqlı ailə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Komitəsi: "Əgər bu tendensiya davam edərsə, əhalinin növbəti siyahıyaalınmasında ciddi problem meydana çıxa bilər"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 5 apr — Sputnik. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2014-cü ildə Azərbaycanda doğum ardıcıllığına görə, yeni doğulan 4509 uşaq ailədə 4-cü, 1222 uşaq isə ailədə 5-ci uşaq olub. 2015-ci ildə 4404 uşaq ailədə 4-cü, 1108 uşaq isə 5-ci uşaq olub. Bu, o deməkdir ki, zaman keçdikcə ailələr daha az uşaq istəyir. Mütəxəssislər bunu müxtəlif səbəblərlə izah edirlər.

© Photo : REPORT IAAynur Veysəlova
Aynur Veysəlova - Sputnik Azərbaycan
Aynur Veysəlova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 1999-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən, ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsündə "18 yaşadək uşaqları olan ailələrin sayı"nda 1 uşaqlı (288 200) 22,5%, 2 uşaqlı (450 700) 35,3%, 3 uşaqlı (326 200) 25,5%, 4 və daha çox uşaqlı (213 900) 16,7% olub. 2009-cu ildə bu göstərici müvafiq olaraq 1 uşaqlı (396 000) 30,1%, 2 uşaqlı (529 000) 40,3%, 3 uşaqlı (261 900) 19,9%, 4 və daha çox uşaqlı (126 700) 9,7% təşkil edir. Rəqəmlərdən də bəlli olur ki, 1 və 4 və daha çox uşaqlı ailələrdə fərq 7-7,6%, 2 və 3 uşaqlı ailələrdə isə fərq 5-5,6% təşkil edir.

Veysəlovanın sözlərinə görə, əgər bu tendensiya davam edərsə, əhalinin növbəti siyahıyaalınmasında bu fərq bir qədər də kəskinləşə bilər: "Bu azalma bütövlükdə dünyaya gələn uşaqların sayı ilə izah olunur. Ailədə tək olan uşağa valideynləri tərəfindən həddindən artıq qayğı və diqqət göstərilir. Onlara qoyulan qadağalar da çoxuşaqlı ailələrə nisbətən daha az olur. Belə uşaqlar sonra sərbəst cəmiyyətə atıldıqda bu diqqəti və qayğını görmədikdə, müəyyən problemlərlə üzləşirlər. Onlar özlərini təklənən, bir növ xəyal qırıqlığına uğramış kimi hissi edirlər. Bu isə sadə problem kimi görünsə də, bir insan üçün ciddi fəsadlar yarada bilər".

"Yaxşı olar ki, valideynlər tək uşaq böyütməkdən qaçsınlar. Çünki bir uşaqlı ailədə böyüyən övlad eqoist olmaqla yanaşı, qısqanclıq kimi xüsusiyyətə də yiyələnir və paylaşmağı sevmir" — Komitə rəsmisi bildirib.

Veysəlova hesab edir ki, valideynlər dünyaya övlad gətirməyin məsuliyyətini dərk etməlidirlər: "Çünki əsas məsələ dünyaya övlad gətirmək yox, ona zaman ayırmaq, tərbiyələndirmək, sevgi və qayğı verməkdir. Əgər valideynlər övladlarını həm maddi, həm də mənəvi olaraq tam təmin edə biləcəklərsə, təbii ki, 2 və daha artıq uşağa üstünlük vermələri məsləhətdir".

Müsahibimiz hesab edir ki, çoxuşaqlı ailələrdə böyüyən uşaqların da müsbət tərəfləri var: "Onlar komplekssiz olur, daha tez ünsiyyətə girməyi bacarır və tək uşaqlardan fərqli olaraq, özlərinə qapanıqlı olmurlar. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ünvanlı sosial yardım almaq hüququ olan ailələr, bir yaşınadək uşağa görə müavinət ala bilər. Beşdən çox uşaq doğub tərbiyə edən qadınlar, uşaqların sağ olması şərti ilə və axırıncı uşaq bir yaşına çatdıqda hər uşağa görə 30 manat müavinət ala bilər".

© Photo : Şəxsi arxivindənSosioloq Əhməd Mansurov
Sosioloq Əhməd Mansurov - Sputnik Azərbaycan
Sosioloq Əhməd Mansurov

"2016-cı ilin əvvəlinə görə, beşdən çox uşağı olan 8984 qadın müavinət alır. 1 yaşadək uşağı olan 5623 ailəyə müavinət verilir. Demoqraflar, eləcə də, psixoloq və sosioloqlar belə hesab edirlər ki, ən ideal variant 3 uşaqdır: biri atanın, biri ananın yerinə, 3-sü isə əhali artımı üçün" — AQUPDK təmsilçisi vurğulayıb.

Sosioloq Əhməd Mansurovun sözlərinə görə, çoxuşaqlı ailələrin azalmasının səbəbi maddi-iqtisadi durumla daha çox bağlıdır: "Cəmiyyətdə iqtisadi-sosial durum zəiflədikcə, dünyaya gələn uşaqların da sayı azalır. Bu gün hər bir valideyn düşünür ki, övladı dünyaya gələndən sonra onu necə saxlayacaq".

Sosioloq hesab edir ki, əslində bu, müsbət haldır. Çünki valideynlər məsuliyyətli olmağı dərk edir, uşaqları dünyaya gətirib saxlaya bilmədikləri üçün küçələrə buraxmaq istəmirlər: "Amma nə qədər acınacaqlı olsa da, bu gün 4-5 övlad dünyaya gətirib, sonradan baxa bilməyib məcburi əməyə cəlb edən, küçələrə buraxan valideyinlər də az deyil".

Mansurov bildirir ki, bu gün küçə uşaqlarının və cinayətkar uşaqların şəxsi işlərinə nəzər salanda onların çoxunun çoxuşaqlı ailələrin uşaqları olduğu məlum olur: "Cəmiyyət daha əvvəlki kimi deyil. Əvvəllər ailələrdə 6-7 uşaq dünyaya gəlirdi, balaca uşaqlara böyüklər baxırdılar. Uşaqlar çox nadir hallarda küçələrə buraxılırdı, məcburi əməyə cəlb edilirdi. Amma indi vəziyyət dəyişib. Savadlı, öz büdcəsinə əmin olan insan neçə uşaq dünyaya gətirəcəyinə də özü qərar verir. Düşünürəm ki, bu, yaxşı haldır. Hər kəs baxa biləcəyi, təmin edə biləcəyi qədər övlad dünyaya gətirməlidir".

© Sputnik / Irade JELILPsixoloq Fərqanə Mehmanqızı
Psixoloq Fərqanə Mehmanqızı  - Sputnik Azərbaycan
Psixoloq Fərqanə Mehmanqızı

"Güzgü" Dəyişim və İnkişaf Mərkəzinin İcraçı direktoru, psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, bu gün "çoxuşaqlı ailə" dedikdə göz önünə 3 uşaqlı ailə gəlir: "Dönüb keçmişə baxsaq, görərik ki, xəstəliklər, müharibələr nəticəsində uşaqlar arasında ölüm halları daha tez-tez baş verirdi. Buna görə də, hər bir ailənin soy-kökünün davam etməsi, sağlam və uzun ömürlü qalması üçün çox övlad olması əsas şərt idi. Muasir dövrdə insanların yaşam şərtləri dəyişdiyindən, təlabat da azalıb".

O bildirir ki, bəzən ailələrdə uşağın az olmasını qadınların çalışması və sosial-iqtisadi durumla əlaqələndirənlər də var. Amma psixoloq bu fikirlə razılaşmır. Hesab edir ki, qadınlar həmişə işləyib və maddi durumun aşağı olması vəziyyəti də hər zaman olub: "Azuşaqlı ailələrlə apardığım söhbət zamanı əldə etdiyim informasiyalar əsasında belə nəticəyə gəlmişəm. Əvvəllər valideynlər işdən evə gəlib ailə üzvləri ilə zaman keçirirdilər. Müasir dövrdə informasiya mübadiləsinin daha sürətli olması ilə yanaşı informasiyanın növünün daha çox olması insanı daha çox informasiya qəbul və emal etməyə məcbur edir ki, bunun üçün də insan əlavə vaxt sərf edir".

"Məsələn, müasir dövrdə iş vaxtı bitəndən sonra evə qayıdan valideynlər sosial şəbəkələrdə zaman keçirirlər. Eləcə də, evdar qadınlar ev işlərini və övladın tərbiyəsi ilə bağlı işləri düzgün planlaşdırmır, "uşaqdır da, onsuz da yanımdadır" fikri ilə sosial şəbəkələrdə zaman keçirirlər. Belə şərtlər daxilində də çox uşaq istəyi az uşaq istəyi ilə əvəz olur" — Mehmanqızı əlavə edib.

Psixoloq bildirir ki, bu gün sonsuzluqdan əziyyət çəkən, xəstəxanalarda illərlə müalicə alan qadın və kişilər belə, cəmiyyət xatirinə övlad sahibi olmaq istəyirlər: "Sonsuzluqdan əziyyət çəkən bir neçə kişi və qadına "Niyə övlad sahibi olmaq istəyirsinoz" sualını vermişdim. Cavablar iki növə bölündü. "Camaat deməsin ki, uşağı yoxdur, hamı pis baxır" — yəni ictimai qınaq, öz güvənin bərpası üçün və "Qocalanda qabağıma çay qoyanım olsun" — yəni təklik qorxusu. Dünyaya insan gətirmək, cəmiyyətə şəxsiyyət yetişdirmək çox çətin, məsuliyyətli və şərəfli işdir. Ona görə də, kəmiyyət yox, keyfiyyət önəmlidir".

Xəbər lenti
0