Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, ipoteka üçün ilkin ödəniş 15 faiz idisə indi 10 faizə salınıb: “Bu o deməkdir ki, İpoteka Fondu ipoteka krediti ilə alınan əmlakın 90 faizə qədərini maliyyələşdirmək imkanı qazanır. Bu da nəticədə ipotekaya olan marağı artıracaq. İpoteka kreditlərinin verilməsi mənzil bazarında dinamikaya müsbət təsir göstərir. Biz bunu ötən ilin sonunda ipoteka kreditlərinin bərpasından sonra müşahidə etdik”.
“Kreditlərin bərpasından sonra əlçatan olan nisbətən aşağı qiymətli mənzillərin qiymətində nisbi də olsa artım müşahidə olundu. Demirəm ki, bu fərmandan sonra mənzil bazarında dinamika əhəmiyyətli dərəcədə artacaq, amma azda olsa mənzil bazarındakı dinamikaya öz təsirini göstərəcək. Əvvəllər təmiri başa çatmamış, çıxarışı olan mənzillərə kredit verilirdisə, artıq təmiri tam başa çatmış mənzillərin alınması üçün də kreditlər veriləcək, ipotekaya cəlb olunacaq” – deyə o bildirib.