BAKI, 6 apr — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) daha 2 bankın filiallarının və "Azərpoçt" MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinin maliyyə xidməti fəaliyyətinin ləğv edilməsi ilə bağlı qərar verib. Sputnik Azərbaycan xəbər verir ki, qərarla "Bank VTB" (Azərbaycan) ASC-nin "Azadlıq" və "Sumqayıt" filialları və "NİKOYL İKB" ASC-nin "Masallı" filialına verilmiş icazələr ləğv olunub.
Banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib. Palatanın Direktorlar Şurası "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 16.2.9-cu və 17.3-cü maddələrini, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq bu qərarı verib.
Direktorlar Şurasının iclasında həmçinin "Azərpoçt" MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazəsinin ləğvi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib. Palata "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 13-4.5.4-cü maddəsinə əsasən, "Azərpoçt" MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 26.08.2010-cu il tarixli 1-MO/Ş-149 saylı icazənı ləğv edib.