CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan 999-lardan daha birini itirir...

© Sputnik / Ilham MustafayevTovuz rayonunun Yanıqlı kəndindəki Şah Abbas məscidi
Tovuz rayonunun Yanıqlı kəndindəki Şah Abbas məscidi - Sputnik Azərbaycan
Abunə olmaq
Onun bərpası üçün kənd camaatının müraciət etmədiyi ünvan qalmayıb, amma fayda yoxdur

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 6 apr — Sputnik. Tarixi yaşadan maddi mədəniyyət nümunələri, tarixi abidələrdir. Bəzən bir daş parçası, yaxud divar qalığı səhifələrlə yazılmış kitablardan, saatlarla edilən izahlardan daha dolğun məlumat verir keçmişimiz haqda.

© Sputnik / Ilham MustafayevMəscid XVII əsrin əvvəllərində inşa olunub
Məscid XVII əsrin əvvəllərində inşa olunub - Sputnik Azərbaycan
Məscid XVII əsrin əvvəllərində inşa olunub

Ölkəmizdə bu cür abidələrə, maddi mədəniyyət nümunələrinə hər addımda rast gəlmək mümkündür. Lakin onlardan bəziləri illərin sınağından çıxa bilməyib, yaxud etinasızlıq, laqeydlik səbəbindən yox olmaq təhlükəsi ilə üz-üzə buraxılıblar.

Bu cür abidələrdən biri də Tovuz rayonunun Yanıqlı kəndində yerləşən, bir zamanların möhtəşəm tikilisi olan Şah Abbas məscididir. Kəndin yaşayış hissəsində yerləşən abidə I Şah Abbasın Səfəvilər ərazisində inşasına fərman verdiyi 999 məsciddən biri olub. O, xarici görünüş, eyni zamanda tikiliş üslubu baxımından Gəncədə yerləşən eyniadlı məscidlə demək olar ki, eynidir.

© Sputnik / Ilham MustafayevTarixi abidələrin tədqiqatçısı Əli Hüseynov
Tarixi abidələrin tədqiqatçısı Əli Hüseynov - Sputnik Azərbaycan
Tarixi abidələrin tədqiqatçısı Əli Hüseynov

XVII əsrin əvvəllərinə aid abidə qırmızı kərpicdən inşa olunub. Divarlarının qalınlığı 1,5-3 metr aralığında dəyişir. Binanın ön tərəfində, hər yanda 4 otaq olmaqla 8 otaq yerləşir ki, bunlardan da hücrə və müsafirxana (qonaq otağı) kimi istifadə olunub.

Məscidin kitabəsi günümüzə gəlib çatmasa da, memarlıq üslubu və tikilmə vaxtına görə bu məscidin də memar Şeyx Bəhaəddin Amili tərəfindən inşa edildiyi güman edilir. Lakin illərin sınağı, baxımsızlıq bu məscidin tədricən uçması ilə nəticələnib. 2014-cü ildə məscidin günbəzi tamamilə çöküb. Ötən il isə arxa divarları uçaraq tikilinin bərpasını daha mümkünsüz hala gətirib.

© Sputnik / Ilham MustafayevBaxımsızlıq üzündən məscid uçmaq üzrədi
Baxımsızlıq üzündən məscid uçmaq üzrədi - Sputnik Azərbaycan
Baxımsızlıq üzündən məscid uçmaq üzrədi

Kənd sakini, eyni zamanda yerli tarixi abidələrin tədqiqatçısı olan Əli Hüseynov Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlamasında məscidin ötən əsrin 30-cu illərinədək fəaliyyət göstərdiyini, Sovet dövründə isə abidədən anbar kimi istifadə edildiyini bildirdi. Onun sözlərinə görə, ötən əsrin 60-cı illərindən başlayaraq məscidin divarlarında çatlar əmələ gəlməyə başlayıb.

"Bu səbəbdən 1984-1986-cı illərdə tikilidə əsaslı təmir işləri aparılıb. Lakin təmir tarixi abidələrin bərpası üzrə deyil, qeyri-peşəkar şəxslər tərəfindən aparılıb. Bu da abidənin daha tez dağılmasına səbəb olub" — deyib Ə. Hüseynov.

Digər kənd sakinlərin aldığımız məlumata görə, müstəqillik əldə edildikdən sonra, sözügedən tikilinin yenidən məscid kimi fəaliyyət göstərməsi üçün bir çox qurumlara müraciət ediblər. Lakin yazılan məktubların rəsmi qurumlar tərəfindən bir-birinə yönləndirilməsi, heç bir qurumun məsuliyyəti öz üzərinə götürməməsi, sonda məscidin tamamilə uçması və sakinlərin müraciətlərdən yorulması ilə nəticələnib. Hətta kənd sakinləri öz imkanları hesabına abidəni təmir etmək istədiklərini bildirsələr də, rəsmi qurumlar tərəfindən buna icazə verilməyib.

"Gələcək nəsillərə tariximizi öyrətmək üçün yalnız kərpic qalaqlarını göstərərək, bu ərazidə nə vaxtsa dövrünün ən böyük məscidlərindən biri olub deyəcəyik" — deyir kənd sakini Bəxtiyar Əliyev.

Qeyd edək ki, Yanıqlı kənd ərazisində Şah Abbas məscidi tarixə qovuşmaqda olan yeganə tarixi abidə deyil. Zəyəmçay üzərində salınmış, 10 tağlı Xan körpüsü də məhv olmaq üzrədir. Hazırda onun cəmi bircə yarıuçuq tağı qalıb.

Xəbər lenti
0