BAKI, 6 apr — Sputnik. Hindistan tərəfindən elan olunan yeni viza qaydalarına əsasən Azərbaycan vətəndaşları istirahət, gəzinti, dostlarına və qohumlarına baş çəkmək, qısamüddətli tibbi müalicə və qeyri-müntəzəm iş səfərləri məqsədilə elektron viza əldə edə biləcəklər. Elektron viza üçün onlayn müraciət aşağıdakı internet səhifəsindən həyata keçirilir:
https://indianvisaonline.gov.in/evisa/Registration
Sputnik Azərbaycan-a Hindistan səfirliyindən daxil olan məlumata görə, Azərbaycan vətəndaşları üçün elektron viza haqqına 50 ABŞ dolları və əlavə olaraq bank köçürülməsi xərcləri daxildir.
Elektron vizanın etibarlılıq müddəti Hindistana gəliş günündən etibarən 60 gün təşkil edir. Elektron turist və elektron biznes vizalarına ikidəfəlik giriş icazəsi verilir. Elektron tibb vizasına isə üçdəfəlik giriş icazəsi verilir. Elektron viza bir təqvim ilində iki dəfə mümkündür. Müraciət edənlərdən Hindistana gəliş tarixindən ən azı 4 gün əvvəl on-layn müraciət etmələri tələb olunur.
Elektron viza sadələşdirilməsi Hindistan səfirliyi tərəfindən daha uzun müddət və xüsusi məqsədlər üçün təmin olunan mövcud viza xidmətlərinə əlavə olaraq həyata keçirilir.