BAKI, 5 apr — Sputnik. "Manatın bügünkü məzənnəsi stabildir, milli valyutamız tarazlığını tapıb. Bu vəziyyət iqtisadiyyata da müsbət təsir edir".
Bunu APA-ya açıqlamasında "AGBank" ASC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.
Onun sözlərinə görə, artıq manatın məzənnəsində volatillik gözləməyə dəyməz: "O dövr arxada qaldı. Manatın məzənnəsi tarazlığını taparaq iqtisadiyyata müsbət təsir edir. İstənilən halda, güclü manat güclü iqtisadiyyatın göstəricisidir".
Bankirin proqnozuna əsasən, manat möhkəmlənməkdə davam edəcək.
"Manatın güclənməsi iqtisadiyyat, o cümlədən banklar üçün lazımdır. Sirr deyil ki, bankların aktivlərində və öhdəliklərində dollarlaşma kifayət qədərdir. Manatın güclənməsi öhdəliklərin vaxtında yerinə yetirilməsinə kömək edəcək. Bununla yanaşı, banklar üçün xarici öhdəliklərin yerinə yetirilməsi çox çətindir" — deyə o bildirib.
Ə. Cəlilov əlavə edib ki, bu gün manatın ucuzlaşması üçün heç bir əsas yoxdur: "Olsa belə, çox cüzi olacaq. Artıq manatın məzənnəsi müəyyən dəhliz daxilində hərəkət edir".