BAKI, 5 apr — Sputnik. Bakı-Gəncə-Bakı "Ekspress" qatarı ləğv edilir. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
O bildirib ki, Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı "Ekspress" qatarının hərəkət cədvəlindən çıxma halları baş verir: "Belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır. Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı "Ekspress" qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur".
Qədirovanın sözlərinə görə, bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə, 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı "Ekspress" qatarı ləğv edilir.