BAKI, 5 apr-Sputnik. Sumqayıt Şəhər İcra Hakimiyyəti Şəhidlər Xiyabanında ötən ilin aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, digər dövlət rəsmiləri, mərhumun ailə üzvləri və döyüş yoldaşları, digər şəhid ailələri iştirak edib.
Bu barədə Sputnik Azərbaycan-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə çıxış edən Ombudsman 2016-cı ilin aprelində işğalçı Ermənistan ordusunun hücumunun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri qısa müddətdə həyata keçirdiyi sürətli əks həmlə zamanı qəhrəmancasına həlak olmuş "Murov qartalı" adını qazanmış R.Orucovun döyüşlərdə göstərdiyi şücaətini xüsusi vurğulayıb.
O, qeyd edib ki, həmin dövrdə dövlət başçısı və xanımı Mehriban Əliyevanın təmas xəttinə səfəri yerli sakinlərlə yanaşı, bütün xalqımızda və ordumuzda ruh yüksəkliyini, böyük qələbəyə inamını daha da artırıb.
Burada o da qeyd olunub ki, bu günlərdə Prezident aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə, Birinci vitse-prezident isə həmin döyüşlər zamanı yaralanmış bir qrup əsgər və zabitlə görüşüb. Bu da xalqımız tərəfindən yüksək dəyərləndirilib.
Ombudsman Azərbaycan xalqının Raqufu və Vətənimiz uğrunda canlarından keçən bütün oğulları heç vaxt unutmayacağını, onların vətənpərvərliyinin gənclərə və gələcək nəsillərə örnək olduğunu söyləyib.
Tədbirdə digər dövlət rəsmiləri də aprel döyüşlərində igid kəşfiyyatçının göstərdiyi qəhrəmanlıq haqqında fikirlərini bildiriblər.
Raquf Orucovun ailə üzvləri adından çıxış edən qardaşı Zabil Orucov onun şəhidlik zirvəsinə yüksəlməsi ilə fəxr etdiklərini və ailələrinə göstərilən dəstəyə, qayğı və diqqətə görə başda Ali Baş Komandan, cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan xalqına minnətdarlığını bildirib.
Sonda şəhidin əziz xatirəsinə ehsan süfrəsi açılıb.