Bu gün Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olaraq, hadisənin təfərrüatları və son durumla maraqlanıb. Sahibkar Zərifə İbrahimova ciddi zərərə uğradığını bildirib: "Uzun müddətdir ki, bu ərazidə alverlə məşğulam. Pal-paltar satıram. Bu yanğın üzündən 5 min manatlıq ziyana düşdüm. Səhər işə gəlib gördüm ki, bütün mallarım yanıb. Deyirlər, qısa qapanmadır. Belə hadisələr evimizdə də baş verə bilər".
Digər sahibkar Rəsmiyyə Həmidova isə bazarda meyvə-tərəvəz alveri ilə məşğul olur. Dediyinə görə, ona da 4-5 min manatlıq ziyan dəyib: "Hər şey yanıb, nə deyim, ələ gələsi heç nə yoxdur. Hələ bizə heç nə deməyiblər. Gözləyirik, görək nə olar".
Bazarda zoomağazası olan Samir Poladovun sözlərinə görə isə, ona 1000 manat məbləğində zərər dəyib: "Satışda olan heyvanlardan bəzisi tüstüdən zəhərlənərək ölüb. Mən Sumqayıtdan gələnə qədər gec oldu. Görürüsünüz də, hər şey yanıb məhv olub".
Bildirək ki, bazarda özünü sahibkar kimi tanıdan, amma satıcıların sözlərinə görə, "bazarkom"un yaxınları olan bir neçə nəfər çəkiliş aparmağımıza mane olmaq üçün əllərindən gələni edirdilər. Hətta bir qadın hay-küy salaraq, jurnalistləri təhdid də etməkdən çəkinmədi.
"Çıxın gedin buradan! Ölməyimi istəyirsiniz? Çəkməyin buranı, mən "bazarkom"un bacısıyam" — deyə sözügedən qadın KİV nümayəndələrini ərazidən uzaqlaşdırmağa çalışırdı.
Bazarın 1,5 ha ərazisindən 400 m2 yanıb və yanan ərazilər, əsasən meyvə-tərəvəz piştaxtaları, kafelərdir. Öz aralarında danışan bəzi sahibkarlardan ilginc xəbər də eşitdik. Belə ki, bazarın iki sahibi varmış və onların arasında uzun zamandan bəri rəqabət gedirmiş. Bu mənada sahibkarlar ehtimal edirlər ki, bazarın sözügedən hissəsinin yanmasında digər hissənin sahibinin də əli ola bilər.
Bu və digər müəmmalı məqamlara aydınlıq gətirmək üçün bazar rəhbərliyi ilə görüşmək istəsək də, cəhdlərimiz baş tutmadı. Özlərini səlahiyyətli şəxs kimi təqdim edən bir neçə şəxs görüş istəyimizin mümkünsüz olduğunu bildirdi.