BAKI, 4 apr — Sputnik. Aprelin ikisində bir açılış mərasimi baş tutdu. Nə kafe idi, nə restoran, nə mağaza, nə əyləncə mərkəzi, nə də idman kompleksi. Elə buna görə də dörd illik fəaliyyəti boyu artıq altıncı məkanının açılış mərasimi oldu. Söhbət, ölkənin ilk müstəqil teatrından gedir.
2013-cü ildə "ODA" teatrı adı ilə fəaliyyətə başlayan bu ilk müstəqil teatrımız, daha sonra adını dəyişdirərək, "ADO Theatre — Collective" kimi fəaliyyətinə davam edib. Teatr bu günə qədər müxtəlif səbəblərdən bir neçə dəfə məkan dəyişdirməyə məcbur qalıb, bəzən isə məkan olmadığına görə fəaliyyətinə ara verməli olub.
Sizcə də qəribə deyilmi? Ölkənin ilk müstəqil teatrı olasan, qısa müddətdə böyük uğurlara imza atasan, müxtəlif ölkələrdə çıxışlar edəsən, bütün dövlət teatrlarından daha çox həqiqətə, həqiqi sənətə, ədalət prinsiplərinə xidmət edəsən, amma bu cür çətinliklər — məkansızlıq, maddi sıxıntılar, təqib və təzyiqlər sənə mane ola.
Bu müstəqil teatra heç bir dövlət qayğısı olmadığı məlumdur. Əgər dövlət qayğısı olsaydı, müstəqil teatr olmazdı. Bəs xalq? Bəs gözünə tərəzi donu geyindirmiş xalq, bu azad yaradıcılıq ocağının xidmət etdiyi ali dəyərləri heç görmürmü? Niyə bu xalqın müstəqil teatrı altı dəfə məkan dəyişdirməlidir? Niyə bu xalqın teatrı maddi sıxıntılar çəkməlidir? Bu tərəzinin gözünə nə olub, cənablar? 19-cu əsrdən qalma tərəzi tanrının nəyinə lazımdır? Bura tanrının muzeyidirmi?
ADO teatrının fəaliyyəti dövründə imza atdığı uğurlara nəzər salıram: səhnəmizdə heç vaxt işlənməyən əsərlərin nümayişi, azad yaradıcılıq prinsipləri, səhnəmiz üçün uğur sayıla biləcək bütün növ ilklər və ən əsası, Avropaya — Fransaya qastrol səfəri. Uğura bax da! İşlənməyən əsər, azad yaradıcılıq, ilklər, Fransaya səfər və s.
Bu, necə bir tragikomediyadır? Axı niyə dünyaca məşhur əsərlər bizim üçün hələ "işlənməyən"dir? Axı niyə azad yaradıcılıq bizim teatrımız üçün bir ayrıcalıqdır? Axı niyə hələ də imza atılmayan ilklərimiz var? Və axı niyə Fransaya səfər bizim üçün uğur hesab olunur? Paxıllıq və qərəz kimi çıxmasın, Azərbaycana qastrol səfəri bir fransız teatrı üçün nə dərəcədə böyük uğurdur, görəsən?
Bu suallara cavab tapmaq isə çətin deyil. Müstəqil teatrın dörd ildə müxtəlif səbəblərdən altı məkan dəyişdirməsi bu sualların hamısını birdəfəlik cavablandırır. Qayıdaq açılış mərasiminə…
ADO müstəqil teatrının yeni ünvanı Mirzəağa Əliyev 245-də yerləşir. Yola düşdük bu ünvanın açılış mərasiminə. Mərasimdə dünyaca məşhur rəssam Mircavad Mircavadovun həyat yoldaşı, rəssam Lyubov Mircavadovanın sərgisi baş tutdu. Xanım rəssamın əsərlərində ən ülvi hislərimizin adi boyalarla təsviri, ən dəhşətli problemlərimizin sadə rəsmlərdə əksi vardı. Sərgi zamanı özü və əsərləri haqqında çıxışı ilə tamaşaçıları geniş məlumatlandırdı.
Daha sonra fransız aktrisa Elza Furtadonun ifasında "Hamam" adlı qısa monotamaşa nümayiş olundu. ADO yenə öz fərqli, qeyri-adi üslubunu qoruyub saxlamışdı. Məkan dəyişmək onun üsyankar təbiətini zərrə qədər də dəyişməmişdi. Hər şey çılpaqlığı ilə nümayiş olunur, insan xarakterinin bütün tərslikləri, ziddiyyətləri çimən bir qızın hərəkətləri ilə göstərilirdi.
Sonda isə fransız musiqiçi Pier Treqomənlə, xanəndə Qoçaq Əsgərovun birgə musiqi ifalarını dinlədik. "Mugham Souls" adlanan bu musiqili hissədə cazz və muğam sintez edildi. Bu da Azərbaycan səhnəsi üçün müəyyən mənada yenilik idi ki, bütün bunlar müstəqil teatrın açılış mərasimində baş verirdi.
Ən əsası isə odur ki, ADO teatrı bir daha yer dəyişməyə məcbur qalarsa, bu, onun özünün şəxsi binası olmalıdır. Yox əgər müstəqil teatr köçəri həyata davam edərsə, bu ləkə tariximizdən silinməyəcək. Odur ki, teatrın repertuarını izləyin, tamaşalarına getməklə teatra dəstək olun. Bu, həm də azad yaradıcılığa, gələcək mədəniyyətə dəstək olmaqdır.
Teatr məbəddir. Bir gürcü filmində yaşlı qadın birindən "bu yol məbədə aparırmı?" deyə soruşur. Adam "yox" deyir. Yaşlı qadın köks ötürüb, "o nə yoldur ki, məbədə aparmır?!" deyə cavab verir. Yazdım ki, nəzərinizdə qalsın. Məbədə aparan yollar müqəddəsdir.