BAKI, 4 apr — Sputnik. Müdafiə nazirinin tapşırığına əsasən, Silahlı Qüvvələrdə 2016-cı il aprel döyüşlərinin birinci ildönümü ilə əlaqədar "Aprel döyüşləri bizim şanlı qələbəmizdir" devizi altında silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təsdiq edilən plana əsasən tədbirlər bir sıra şəhər və rayonlarda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində, klub və kitabxanalarda keçirilir.
Hərbi-vətənpərvərlik tədbirlərinin planında Müdafiə Nazirliyi rəhbərliyinin, döyüş iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlərin məzarlarının ziyarəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin aprel döyüşləri haqqında tezislərindən irəli gələn tələblərin şəxsi heyətə aşılanması və mövzuya dair məşğələlərin, Azərbaycan Yazıçılar Birliyi üzvlərinin, professor, müəllim və tələbə heyətinin hərbi qulluqçularla görüşlərin, elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin iştirakı ilə "Aprel döyüşlərinin hərb tariximizdə yeri və əhəmiyyəti" mövzusunda seminarın, anma mərasimlərinin, "dəyirmi masa"ların təşkil olunması nəzərdə tutulur.
Bundan əlavə, hərbi nəşrlərdə aprel döyüşlərinə dair silsilə materiallar dərc edilir, "Aprel döyüşləri — ruhumuzun qələbəsidir" silsiləsindən birinci "Lalətəpə" kitabının təqdimatı, Müdafiə Nazirliyi Sənədli və Tədris Filmləri Kinostudiyasının "Aprelin dörd günü" sənədli filminin nümayişi, şəhid övladlarının və xarici tələbələrin cəbhəboyu zonaya səfərləri və digər kütləvi hərbi-vətənpərvərlik tədbirlər təşkil olunur.