CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toyunuza nəmər salmayanları məhkəməyə gətizdirə bilərsiniz

© Sputnik / Murad OrujovToya pul yazdıran adam, arxiv şəkli
Toya pul yazdıran adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Toyuna gəlməyən şəxslərin məhkəməyə verilməsi də qanunla qadağan edilməyib. Amma hüquqşünas kimi hesab edirəm ki, bu işin nəticəsi olmayacaq"

BAKI, 3 apr — Sputnik. Azərbaycanda qəribə hadisə baş verib. Bəy toyuna gəlməyən şəxsləri məhkəməyə verərək, dəymiş ziyanın ödənilməsini tələb edib.

© © Fərid Həmidlinin şəxsi arxivindənHüquqşünas Fərid Həmidli
Hüquqşünas Fərid Həmidli - Sputnik Azərbaycan
Hüquqşünas Fərid Həmidli

Bu barədə KİV-ə hüquqşünas Vüqar Səfərli məlumat verib. O, qeyd edib ki, vəziyyət tragikomikdir, belə bir müraciətin təmin olunması da qeyri-realdır. Görünən budur ki, son illərdə Azərbaycanda ailə qurmağa həm də biznes marağı kimi baxırlar.

Hüquqşünas Fərid Həmidli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir şəxsin əsaslı sübütları olduğu halda məhkəməyə müraciət etmək hüququ var: "Toyuna gəlməyən şəxslərin məhkəməyə verilməsi də qanunla qadağan edilməyib. Amma hüquqşünas kimi hesab edirəm ki, bu işin nəticəsi olmayacaq".

"Mənim də praktikamda buna oxşar bir iş olub. Müraciət edən şəxsə nə qədər başa salmağa calışsam da, həmin şəxs iddia tələbinin təmin olunub-olunmamasının onu maraqlandırmadığını söylədi. Yeganə məqsədi isə həmin şəxsləri bir neçə dəfə məhkəməyə gətirmək idi. Uzun müzakirələrdən sonra həmin şəxsi məhkəmədə iddia qaldırmaq istəyindən vaz keçməyə inandırdım" — ekspert deyib.

Hüquqşünasın sözlərinə görə, iddiaçı tərəfin həmin halları məhkəmədə sübüt edə biləcəyi inandırıcı görünmür: "İddiaçı, toyuna çağırdığı şəsxlərin xeyir işlərində iştirak etdiyini, buna görə də həmin şəxslərin də onun toyunda iştirak etməli olduqlarını iddia edir. O, 1-2 toyda iştirakını sübüt edə bilər. Amma bununla belə, məhkəmə iddiası üçün əsas ola biləcəyini düşünmürəm".

"Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Amma yenə də məhkəmənin yekun qərarını gözləmək daha məntiqli olar. Məslənin digər tərəfi o qədər insanın məhkəməyə verilməsidir. Bu məsələdə də heç bir məhdudiyyət yoxdur. Həmin şəxslər məhkəmədə iştirak edə və məhkəmənin işə onların iştirakı olmadan da baxılmasını xahiş edə bilərlər" — hüquqşünas vurğulayıb.

Həmidli qeyd edir ki, bizim adət-ənənələrə görə, toylara, doğum günü şənliklərinə verilmiş müəyyən hədiyyələr və şirinliklər borc hesab edilir: "Hamı onun toyuna, xeyir işinə verilmiş şirinliyi vaxtı çatanda qaytarır. Bu, bizim insanlar tərəfindən borc hesab edilir. Amma bir tərəfdən də fikirləşmək lazımdır ki, məhkəmələr qərarları qüvvədə olan hansısa qanunlara əsasən qəbul edir. İnsanlar şadlıq saraylarında toy etdikləri zaman dəvət etdikləri şəxslərin sayına görə pul ödəyirlər. Bəzən olur ki, toya bir gün qalmışa qədər toya gələcəyini söyləyən şəxs həmin toyda iştirak etmir. Bu da toy sahibini ziyana salır".

Müsahibimiz fikrini belə tamamlayıb: "Mən iştirak edə bilməyəcəyim toyun sahibinə bir neçə gün öncədən məlumat verirəm ki, ziyana düşməsin. Hesab edirəm ki, toyda iştirak etməyəcək şəxslər 1-2 gün öncədən toy sahibinə məlumat versələr, daha yaxşı olar və gələcəkdə belə mübahisələr yaranmaz. Amma bu, insani münasibətlərə aiddir, qanunla tənzimlənmir".

© Photo : Şəxsi arxivindənSosioloq Əhməd Mansurov
Sosioloq Əhməd Mansurov - Sputnik Azərbaycan
Sosioloq Əhməd Mansurov

Sosioloq Əhməd Mansurov isə belə bir hadisənin baş verməsinə inanmır: "Əslində, belə bir hadisənin baş verəcəyinə inanmıram. Amma bəlkə də olub. Belə hadisə baş veribsə, toy sahibini haqlı hesab etmək olar. İnsanlar toylara gedərkən, bunu borc sayırlar. "O mənim toyuma 30 manat salıb, mən də gedim 50 manat salım", yaxud "Bu gün onun toyuna gedim ki, sabah toyuma gəlsin". Əsas prinsip budur. Yəni, toy sahibi getdiyi toyların siyahısına baxıb, insanları dəvət edir. Bu siyahı ilə restoranda yer götürür. Əgər bir nəfər belə olsa toya gəlmirsə, bu, toy sahibinin zərərə düşməsi deməkdir. Buna görə də, hamı çalışmalıdır ki, toya getməyəcəksə, öncədən xəbərdarlıq etsin. Borc borcdur, bunu unutmaq olmaz".

"Hesabı verə bilmədiyinə görə, restoranlar tərəfindən saxlanılma halları da baş verib. Belə halların baş verməməsi üçün insanlar məsuliyyətli olmağı bacarmalıdır" — sosioloq bildirib.

Mansurovun dediyinə görə, maddiyyat xatirinə ailə həyatı quranlar kifayət qədərdir: "Bəziləri evlənmək istəməsə belə, toylara atdığı pulu yığmaq üçün toy edib, evlənir. Belə şəxslər pul yığmadıqda, məhkəməyə də müraciət edə, başqa yollara da əl ata bilərlər".

Xatırladaq ki, 2016-cı ildə Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13100 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,4 olub. Başqa sözlə, ötən il hər ay təxminən 1091 ailə boşanıb, bu isə günə 36-dan çox boşanma deməkdir. Göründüyü kimi, boşanmalarda ildən-ilə artım baş verir. Ekspertlər boşanmaların əsas səbəbləri sırasında ər-arvadın bir-birinə güzəştə getməməsini, insanların ailə qurmağa mənəvi cəhətdən hazır olmamasını və digər amilləri göstərirlər.

Xəbər lenti
0