CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kim 15 yaşdan kiçik övladını bu işə məcbur edərsə...

© Sputnik / Irade CELILİsmayıllı yolunun kənarındakı ticarətçi uşaqlar
İsmayıllı yolunun kənarındakı ticarətçi uşaqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsi uşaqların ən yaxşı maraqlarının təmin edilməsini nəzərdə tutur

BAKI, 3 apr — Sputnik. "Azərbaycanda uşaqların məcburi əməyə cəlb olunması ilə bağlı uçotun aparılmasına ciddi ehtiyac var". Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, ölkədə ümumilikdə insanların məcburi əməyə cəlb olunması ilə bağlı tam statistik rəqəmlər mövcud deyil: "Bunun formalaşdırılması üçün ciddi fəaliyyətə başlanılıb. Bu gün məcburi əməyə cəlb olunmaq halları Azərbaycanda yüksək rəqəmlərlə ifadə olunmur. Bizdə qeyri-formal çalışanların sayı daha çoxdur. Yəni, əmək müqavilələri rəsmiləşdirilmədən, yaxud öz əməyini ortaya qoyan, lakin heç bir vergi ödəməyən insanların sayı çoxdur, nəinki məcburi əməyə cəlb edilənlər".

© Photo : America VoiceNabil Seyidov
Nabil Seyidov - Sputnik Azərbaycan
Nabil Seyidov

S. Müslümov əlavə edib ki, kənd yerlərində uşaqların məcburi şəkildə əməyə cəlb edilməsi faktları mövcuddur: "Xüsusilə də ailə təsərrüfatlarında bu hala rast gəlinir. Ancaq bunun ciddi uçotu aparılmayıb. Təbii ki, belə faktların uçotunun aparılmasına ciddi ehtiyac var".

Uşaq hüquqları üzrə ekspert Nabil Seyidov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanda uşaqların məcburi əməyə cəlb olunması kütləvi xarakter daşımır: "Lakin belə hallar mövcuddur. Bizə ən çox maraqlı olan nəinki məcburi əmək, uşaqların əməyinin kobud dərəcədə istismarıdır. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının Konvensiyasına qoşulub və onun icrasına öhdəlik daşıyır. Konvensiyada uşaqların ən ağır formaları olan əməyə cəlb olunmasının qadağan edilməsi ilə bağlı bənd var. Bu da artıq neçə illərdir ki, insan alverinə bərabər tutulur. İnsan alveri ilə mübarizə tədbirləri çərçivəsində uşaqların bu cür əmək növlərinə cəlb olunması uşaq alveri kimi qiymətləndirilir. Bu, daha vacib məsələdir".

Kənd yerlərində uşaqların əməyə cəlb olunması məsələsinə gəlincə, ekspert deyib ki, Konstitusiyaya görə, uşaqların 15 yaşdan sonra əməyə cəlb olunmasına icazə verilir: "Sadəcə olaraq, orada əmək növlərində məhdudiyyət var. Uşaqlar istər kəndlərdə, istər şəhərlərdə ailə təsərrüfatında işləyirlər. Burada uşağın valideyn tərəfindən nə dərəcədə istismar edilməsinə, yaxud uşağın sadəcə ailə təsərrüfatına köməklik göstərməsinə fərdi qaydada yanaşmaq lazımdır. Yəni, əgər uşaq valideyni ilə səhərdən axşama kimi bazarda alver edirsə, məktəbə getməyib tarlada pambıq, taxıl yığırsa, bu, yolverilməzdir".

"Bu baxımdan uçotun aparılması çox vacibdir. Amma texniki cəhətdən çox çətindir. Bir çox hallarda mümkünsüzdür. Məlumat bazasının yaradılması bu sahədə çox çətin bir məsələdir. Qeydiyyat sisteminin yardımçı funksiyası yoxdur. Söhbət burada ciddi maarifləndirmədən, valideynlərin, müəllimlərin, sosial işçilərin, hüquq-mühafizə orqanlarının, əmək müfəttişliyinin fəaliyyətinin gücləndirilməsindən gedir" — N. Seyidov bildirib.

© Photo : APADadaş Əhmədov
Dadaş Əhmədov - Sputnik Azərbaycan
Dadaş Əhmədov

Onun fikrincə, əmək müfəttişliyi təsadüfi seçim əsasında ildə bir neçə dəfə reydlər, monitorinqlər aparmalıdır: "Onlar təsadüfi rayonlar, kənd təsərrüfatı, istehsalat sahələri və s. seçməli, eyni zamanda, marketlərdə, bazarlarda, köşklərdə, nəqliyyatda belə hallar varsa, onun qarşısını almalıdırlar. Buna yol verən şəxsləri cəzalandırmaqla və s. bunların geniş şəkildə qarşısını almaq olar. Amma düşünürəm ki, qeydiyyatın aparılmasının əlavə bir faydası olmayacaq".

Uşaq hüquqları üzrə ekspert Dadaş Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında uşaqların təhsildən yayınmasının, onların əməyinin istismarının qarşısının alınmasına görə uçotun aparılmasının vacib olduğunun deyib: "Qanunvericiliklə 18 yaşına çatmamış hər bir şəxs uşaq hesab edilir. Uşaqlar 15 yaşından əməyə cəlb oluna bilərlər. Amma o şərtlə ki, onlar 4 saatdan çox işləməməli, əmək haqqını isə tam almalıdırlar. Bu da Azərbaycanda tətbiq olunmur və heç kim bununla razılaşmır. Nə dövlət qurumlarının belə bir imkanı var, nə də özəl qurumlar belə şərtlər ilə uşaqları işə qəbul etmək istəyir".

"Amma uşaqlar ailə təsərrüfatında valideynlərinə kömək edirlər. Bunun uçotunun aparılması çox çətindir. Çünki bu, ailənin daxili işidir. Amma bu, bir tərəfdən ailənin vəziyyətinin yaxşılaşdırılması, uşağın əməyə alışdırılması deməkdir. Digər tərəfdən isə uşaqların hüquqlarının pozulması deməkdir. Çünki uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsi uşaqların ən yaxşı maraqlarının təmin edilməsini nəzərdə tutur" — həmsöhbətimiz bildirib.

Əlavə edib ki, ailədə kimsə işləmirsə, onda uşaq özü işləməyə məcburdur: "Bu nöqteyi-nəzərdən burada bir az uyğunsuzluq var. Amma bütün hallarda çalışmaq lazımdır ki, 14 yaşından aşağı uşaqların işləməsinin qarşısı alınsın. Bu, vacibdir".

D. Əhmədovun fikrincə, ailə təsərrüfatında işləyən uşaqların uçotunun aparılması yalnız məktəblərin vasitəsilə mümkündür: "Onlar dərsdə iştirak etmirsə, bu və ya digər şəkildə təsərrüfat işlərinə cəlb olunurlar. Burada Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi və Daxili İşlər nazirlikləri arasında çox ciddi əməkdaşlıq olmalıdır. Amma bunun reallıqda həyata keçirilməsi çox çətindir".

Xəbər lenti
0