BAKI, 2 apr — Sputnik. Almaniya hakimiyyəti seçkilər zamanı səsvermə kabinələrində mobil qurğularla selfini və həmin foto və videoların sosial şəbəkələrdə yerləşdirilməsini qadağan edib.
APA-nın verdiyi məlumata görə, artıq qadağa qüvvəyə minib və federal seçkiləri əhatə edəcək.
Ancaq qadağa avtomatik regional seçkilərə şamil edilməyəcək. Federal seçkilər zamanı seçki komissiyasının üzvü seçicinin səsvermə kabinəsində foto və video çəkdiyini müşahidə edərsə, həmin şəxsi seçki məntəqəsindən uzaqlaşdırmaq hüququna malikdir. Həmin şəxs avtomatik səsvermə hüququnu itirir.
Almaniya hökuməti bu qadağanı səsvermənin gizliliyini qorumaq niyyəti ilə əsaslandırır. Digər tərəfdən, səsvermə məntəqələri bağlanmamışdan əvvəl sosial şəbəkələrdə yayılan belə foto və videolar hələ səs verməmiş digər seçicilərin iradəsinə təsir kimi qiymətləndirilir. Ekspertlər məhz bu amili nəzərə alaraq, exit-pollun ilkin nəticələrinin seçki başa çatmazdan əvvəl açıqlanmasının qadağan olunduğunu qeyd edirlər.
Ancaq praktikada seçicilərin bu kimi hallara yol verməsinin qarşısının alınması üçün mexanizm aydın deyil. Çünki səsvermə məntəqələrinə mobil telefon gətirilməsi qanunla qadağan edilməyib. Həm də qanunda sosial şəbəkələrdə belə foto və videoların yayılması ilə bağlı hər hansı cəza nəzərdə tutulmayıb.