BAKI, 31 mart — Sputnik. 1936-cı il martın 31-də xalq artisti, bəstəkar, caz musiqiçisi Rafiq Babayev (1936 – 19.3.1994) anadan olub.
Rəşid Behbudov adına Mahnı Teatrının musiqi rəhbəri, "Cəngi" folklor-caz kollektivinin yaradıcısı olub.
Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini 1991-ci ildə təşkil edib və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradıb. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.
Babayev bir sıra filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”, "Kişi sözü", "Təhminə") musiqi bəstələyib.
1994-cü il martın 19-da onlarca insan, o cümlədən qadınlar, uşaqlar və qocalar erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun qurbanı oldu. Belələrindən biri də Rafiq Babayev idi. Bakı metrosunda baş vermiş partlayış nəticəsində Rafiq Babayev həyatla vidalaşdı.